BAKI,TurkicWorld,Yusif Şərifzadə
Oman hakimiyyəti ölkə sahillərində qalan “Caroline Bezengi” gəmisindən dənizə yayılan neftin ətraf mühitə mümkün təsirlərini azaltmaq üçün tədbirləri gücləndirib.
TurkicWorld xəbər verir ki, bu barədə Oman Nəqliyyat, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi məlumat yayıb.
Məlumata görə, gəmi iyunun 8-də ehtimal olunan partlayışdan sonra Oman sahillərində, Züfar vilayətinin əl-Qibliyyə adası yaxınlığında hərəkətsiz qalıb.
Hadisədən sonra gəmidən neft dənizə yayılmağa başlayıb və Oman hakimiyyəti çirklənmənin qarşısını almaq üçün xilasetmə və təmizləmə işlərini genişləndirib.
Nazirlik bildirib ki, əsas çətinliklərdən biri gəmidə xilasetmə əməliyyatları üçün zəruri avadanlıqları işlətməyə imkan verən etibarlı enerji mənbəyinin olmamasıdır.
Bundan başqa, gəminin göyərtəsində neft və dəniz suyunun təsirinə məruz qalan bəzi iş sahələrinin sürüşkən və təhlükəli vəziyyətə düşdüyü bildirilib.
Oman hakimiyyəti neft sızmasının dəniz ekosisteminə mümkün təsirlərini azaltmaq üçün vəziyyəti nəzarətdə saxlayır.
Ötən həftə Oman sızmanın qarşısını almaq istiqamətində işlərin davam etdiyini açıqlamışdı. Ölkənin Ətraf Mühit Agentliyinin təhlilinə əsasən, neftlə çirklənmiş sahə 2 000 kvadrat kilometrdən çox ərazini əhatə edir.






