BAKI,TurkicWorld,Yusif Şərifzadə
Bəhreyn Hörmüz boğazındakı gəmiçilik məsələsinin müzakirəsi üçün İran və ərəb ölkələrinin iştirakı ilə keçirilməsi planlaşdırılan toplantıya qatılmayacağını açıqlayıb. Manama bu qərarı İranla diplomatik münasibətlərin bərpa edilməməsi ilə əsaslandırıb.
TurkicWorld xəbər verir ki, Bəhreyn Xarici İşlər Nazirliyinin bəyanatında ölkənin İranla diplomatik münasibətlər bərpa olunana qədər Tehranın iştirak etdiyi heç bir çoxtərəfli toplantıya qoşulmayacağı bildirilib.
Nazirlik Bəhreynə qarşı həyata keçirilmiş hücumlara, eləcə də Səudiyyə Ərəbistanının Şərq-Qərb neft kəmərinin bu gün hədəfə alınmasına diqqət çəkərək dialoqun mövcud reallıqları nəzərə almadan aparıla bilməyəcəyini vurğulayıb.
Bəhreyn Hörmüz boğazı ilə bağlı əldə ediləcək istənilən razılaşmanın bütün gəmilərin ayrı-seçkilik, ödəniş və xüsusi icazə olmadan boğazdan keçid hüququnu təmin etməli olduğunu bildirib.
İran Prezidenti Məsud Pezeşkian daha əvvəl İran və Körfəz ərəb ölkələrinin rəsmilərinin bazar ertəsi Omanın paytaxtı Maskatda bir araya gələcəyini açıqlamışdı.
Pezeşkianın sözlərinə görə, görüşdə Hörmüz boğazından keçən İran-Oman gəmiçilik marşrutunun yaradılmasına dair razılaşmanın imzalanması nəzərdə tutulur.
Bəhreynin toplantıda iştirakdan imtina etməsi Hörmüz boğazında gəmiçiliyin bərpasına yönəlmiş regional təşəbbüsdə fikir ayrılıqlarının olduğunu göstərir.







