Son dəqiqə

İran Bəhreyn Körfəz ölkələri Oman Maskat Hörmüz boğazı dəniz nəqliyyatı Gəmiçilik

Oman görüşündə Hörmüzlə bağlı yekun razılaşma olmayacaq

BAKI,TurkicWorld,Yusif Şərifzadə

İran və Körfəz ölkələrinin bazar ertəsi Omanda keçirilməsi planlaşdırılan görüşündə Hörmüz boğazındakı vəziyyət və digər regional məsələlər müzakirə olunacaq. Lakin görüşün yekununda boğazla bağlı razılaşmanın imzalanması gözlənilmir.

TurkicWorld xəbər verir ki, bunu şənbə günü adının açıqlanmasını istəməyən yüksək vəzifəli İran rəsmisi bildirib. Onun sözlərinə görə, görüş Omanın təşəbbüsü ilə təşkil edilir və Hörmüz boğazı ilə yanaşı, digər regional məsələlərin müzakirəsi üçün də imkan yaradacaq.

İran aylardır Hörmüz boğazının qarşı sahilinə nəzarət edən Omanla boğazdan nəqliyyatın təşkili ilə bağlı razılaşma üzərində danışıqlar aparır. Maskat daha əvvəl bu danışıqların Körfəzdəki digər ərəb ölkələri tərəfindən də dəstəkləndiyini bildirib.

Tehran cümə günü Körfəz ölkələri ilə bazar ertəsi Omanda keçiriləcək görüşdə iştirak etməyi planlaşdırdığını açıqlayıb. Oman isə görüşlə bağlı hələ rəsmi açıqlama verməyib. Bölgənin digər ölkələrinin əksəriyyəti də toplantıda iştirak edib-etməyəcəklərini açıqlamayıb.

Bəhreyn şənbə günü İranla diplomatik münasibətlər bərpa olunmadan Tehranın iştirak etdiyi çoxtərəfli görüşlərə qatılmayacağını bəyan edib.

İran rəsmisinin sözlərinə görə, Tehran Hörmüz boğazından istifadə edən gəmilərdən keçid haqqı alınmasını nəzərdə tutan razılaşmanın əldə edilməsində maraqlıdır. Oman isə İranın bu tələbinə qarşı çıxır.

Tərəflər arasındakı fikir ayrılığı səbəbindən bazar ertəsi keçiriləcək görüşdə Hörmüz boğazı ilə bağlı yekun sənədin imzalanması gözlənilmir.

Mövzuya görə xəbərlər