BAKI,TurkicWorld,Yusif Şərifzadə
ABŞ və İran arasında iyunun 17-də imzalanmış anlaşma çərçivəsində nəzərdə tutulan 60 günlük müddət bazar ertəsi başa çatıb və iki ölkə arasında danışıqlar dalana dirənib.
TurkicWorld xəbər verir ki, ABŞ prezidenti Donald Tramp bu gün Vaşinqtonun İran İslam İnqilab Keşikçiləri Korpusunun nümayəndələri ilə gizli əlaqə kanalı vasitəsilə birbaşa danışdığını bildirib. Bununla yanaşı, Tramp Tehranı “ağ bayraq qaldırmağa”, yəni təslim olmağa çağırıb.
İyunun 17-də Pakistanın vasitəçiliyi ilə əldə olunan anlaşma daha geniş sülh razılaşmasına nail olmaq məqsədilə 60 günlük danışıqlar dövrünü nəzərdə tuturdu. Sənəddə Hörmüz boğazının yenidən açılması ilə bağlı müddəalar da yer alırdı.
Tramp və İran prezidenti Məsud Pezeşkian tərəfindən imzalandığı bildirilən 14 maddəlik anlaşma bütün cəbhələrdə hərbi əməliyyatların dərhal və daimi dayandırılmasını nəzərdə tuturdu.
Razılaşmaya əsasən, ABŞ dəniz mühasirəsinə son qoymalı, yekun razılaşmadan sonra qüvvələrini geri çəkməli və milyardlarla dollar həcmində yenidənqurma proqramının hazırlanmasına başlamalı idi.
Vaşinqton həmçinin İrana qarşı sanksiyaların yumşaldılması, neft ixracına müəyyən güzəştlərin verilməsi və dondurulmuş İran vəsaitlərinə çıxış imkanının yaradılmasını öhdəsinə götürmüşdü.
İran isə Hörmüz boğazındakı minaları təmizləməyə və 60 gün ərzində gəmilərin boğazdan sərbəst keçidinə şərait yaratmağa razılaşmışdı. Tehran nüvə silahı əldə etmək niyyətində olmadığını bir daha təsdiqləmiş və uranın zənginləşdirilməsi məsələsi üzrə danışıqlar aparmağa razılıq vermişdi.
Lakin anlaşmadan qısa müddət sonra Hörmüz boğazından keçən gəmilərin istifadə etməli olduğu marşrutlarla bağlı fikir ayrılığı yaranıb. İyunun sonlarında Oman tərəfindən dəstəklənən marşrutdan istifadə edən bir neçə gəminin hücuma məruz qalması vəziyyəti daha da gərginləşdirib.
Bundan sonra ABŞ-ın İrana qarşı zərbələri yenidən başlayıb və hərbi əməliyyatlar təxminən iki həftə davam edib.







