BAKI,TurkicWorld Orxan Qədirzadə
Britaniya kral ailəsinin internat məktəbində təhsil ənənəsi bu il şahzadə Corcun İton məktəbinə başlaması ilə davam edəcək.
13 yaşlı şahzadə Corc sentyabrda ailəsindən ayrılaraq İtonda təhsil alacaq. Məktəb 1440-cı ildə yaradılıb və sonradan aralarında 20 keçmiş baş nazirin də olduğu çoxsaylı tanınmış məzun yetişdirib.
Kral ailəsində internat ənənəsinin əsası 1962-ci ildə indiki kral III Çarlzın Şotlandiyadakı Qordonstoun məktəbinə göndərilməsi ilə möhkəmlənib. Çarlz burada təhsil aldığı illərdə zorakılıq, təzyiq və təcridlə üzləşib.
Corcun atası şahzadə Uilyam 1995-2000-ci illərdə, əmisi şahzadə Harri isə 1998-ci ildən İtonda təhsil alıb. Kral ailəsi üçün internat təhsilinin əsas məqsədləri arasında uşaqların müstəqillik, intizam və liderlik bacarıqlarının inkişaf etdirilməsi göstərilir.




