BAKI,TurkicWorld
24–27 sentyabr tarixlərində İtaliyanın Turin şəhərində keçirilən “Terra Madre Salone del Gusto 2026” festivalında Azərbaycanın qastronomik irsi və qastroturizm imkanları təqdim olunub.
Dövlət Turizm Agentliyinin qurduğu “Azərbaycan: Biomüxtəliflik, İrs və Dad” milli stendində yerli biomüxtəliflik, ənənəvi qida məhsulları və kiçik istehsalçılar haqqında məlumat verilib. Böyük Qafqaz üzrə “Slow Food Travel” marşrutu, ənənəvi məhsulların təşviqi və biomüxtəlifliyin qorunması istiqamətində görülən işlər də nümayiş etdirilib.
Stenddə müxtəlif bölgələri təmsil edən fındıq, bal, çay, yerli düyü və buğda növləri, mürəbbə, turşu və “Dad gəmisi” kataloquna daxil edilmiş məhsullar təqdim olunub. Ziyarətçilər qovut, şəkərbura, paxlava, fındıq halvası və digər ənənəvi şirniyyatların dadına baxıblar.
Sentyabrın 25-də festivalın rəsmi proqramı çərçivəsində “Azerbaijan Flavored with Honey” adlı dad seminarı keçirilib. İştirakçılara Azərbaycanın arıçılıq ənənələri və balın milli mətbəxdə istifadəsi barədə məlumat verilib. Seminarda Qaraqılçıq buğdasından ənənəvi üsulla halva hazırlanıb, Qəbələdə istehsal olunan təbii bal təqdim edilib.
Festivalın açılışında Böyük Britaniya Kralı III Çarlz yerli xalqların torpağı və toxumları qoruma biliklərinin əhəmiyyətini vurğulayıb. İtaliya Prezidenti Sercio Mattarella isə biomüxtəlifliyin qorunmasını “qida demokratiyası və azadlığı” ilə əlaqələndirib.
Azərbaycan nümayəndə heyəti tədbir çərçivəsində “Slow Food” təşkilatının icraçı direktoru Paolo Di Croce və “Slow Food” Türkiyə şəbəkəsinin koordinatoru Yasmina Lokmanoğlu ilə görüşlər keçirib.
“Terra Madre Salone del Gusto” yerli qida irsinin və biomüxtəlifliyin qorunmasına, dayanıqlı qida sistemlərinin təşviqinə və kiçik istehsalçıların dəstəklənməsinə həsr olunan beynəlxalq festivaldır. Azərbaycan tədbirdə 2022 və 2024-cü illərdə də milli stendlə təmsil olunub. 2025-ci ildə isə Şəkidə “Terra Madre Shaki” tədbiri keçirilib.







