Son dəqiqə

Azərbaycan

Azərbaycanda “yaşıl büdcə” mexanizminin tətbiqi təklif edilib

Bakı,TurkicWorld

Hesablama Palatası Azərbaycanda büdcə layihələndirilməsi prosesində "yaşıl büdcə" mexanizminin tətbiqi istiqamətində addımların atılmasını təklif edir.

Bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin dörd komitəsinin bugünkü birgə iclasında "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, Hesablama Palatası 2027-ci ilin dövlət büdcəsinə dair rəyin hazırlanması zamanı yalnız büdcə zərfi ilə kifayətlənməyib, müxtəlif dövlət qurumlarının hesabat və statistik məlumatlarından, eləcə də beynəlxalq təşkilatların tədqiqatlarından istifadə edib.

"İlk olaraq deyim ki, rəyin hazırlanmasında yalnız büdcə zərfindən istifadə etməmişik. Azərbaycan Respublikası Nazirlər Kabinetinin hesabatlarından, mərkəzi icra hakimiyyəti orqanlarının, Mərkəzi Bankın və Dövlət Neft Fondunun hesabat və statistik məlumatlarından, Hesablama Palatası tərəfindən keçirilən kənar dövlət maliyyə nəzarəti tədbirlərinin və təhlillərin nəticələrindən, eləcə də nüfuzlu beynəlxalq təşkilatların hesabat və tədqiqatlarından istifadə etmişik", – deyə V.Gülməmmədov bildirib.

O qeyd edib ki, Hesablama Palatasının rəyi 2027-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsinin və onunla birlikdə təqdim edilən sənədlərin qanunvericiliyin tələblərinə uyğunluğunu, büdcə gəlirləri və xərclərinin, eləcə də büdcə kəsirinin proqnozlarının əsaslılığını və tamlığını qiymətləndirir. Eyni zamanda, bu göstəricilərin əsas makroiqtisadi parametrlərə və ölkənin strateji sənədlərinə uyğunluğu təhlil olunur.

Palata sədrinin sözlərinə görə, dövlət maliyyəsinin idarə edilməsinin təkmilləşdirilməsi, beynəlxalq təcrübəyə uyğunluğun təmin edilməsi və büdcə gəlir və xərclərinin düzgün uçotunun aparılması ilə bağlı əvvəlki rəylərdə əksini tapan məsələlərin əksəriyyəti 2027-ci ilin büdcə zərfində tam və ya qismən nəzərə alınıb. Rəyin hazırlanması prosesində müvafiq dövlət qurumları ilə aparılan müzakirələr nəticəsində büdcə sənədlərində müəyyən dəyişikliklər də edilib.

V.Gülməmmədov vurğulayıb ki, 2027-ci ilin dövlət büdcəsinin layihəsi üzrə təqdim edilmiş sənədlər "Büdcə sistemi haqqında" qanunun tələblərinə, o cümlədən büdcə sisteminin vahidliyi və onun tərkibinə daxil olan büdcələrin müstəqilliyi prinsiplərinə uyğundur. Layihə vahid büdcə təsnifatı əsasında hazırlanıb, onun tərtibinə qanunvericiliklə müəyyən edilmiş müddətdə başlanılıb.

O bildirib ki, büdcə layihəsi ilə yanaşı, icmal büdcə xərclərinin yuxarı həddi, vergi güzəştləri və azadolmalar, habelə növbəti üç il üzrə icmal büdcənin göstəriciləri də Hesablama Palatasına təqdim olunub.

Büdcə-vergi siyasətində yeni yanaşmalar

Hesablama Palatasının sədri qeyd edib ki, 2027-ci ilin büdcə zərfində büdcə-vergi siyasəti ilə bağlı məlumatlılıq səviyyəsi yüksəlib. Bununla belə, aparılan təhlillər bu istiqamətdə təkmilləşdirmələrin davam etdirilməsinin zəruri olduğunu göstərir.

Onun sözlərinə görə, büdcə-vergi siyasətində ilk dəfə olaraq gəlirlər üzrə ortamüddətli hədəflər müəyyənləşdirilib. Hesablama Palatası isə fiskal diaqnostika alətlərinin tələblərini nəzərə alaraq, analoji yanaşmanın xərclər üzrə də tətbiqini məqsədəuyğun hesab edir.

Bununla yanaşı, cari ilin müvafiq dövründə xalis maliyyə aktivlərində əhəmiyyətli artım müşahidə olunub. Bu artımın əsas hərəkətverici qüvvəsi Dövlət Neft Fondunun aktivlərində qeydə alınan müsbət dinamika olub.

"Xalis maliyyə aktivlərinin elementlərinin və hesablanmasının təkmil beynəlxalq təcrübələrə uyğunlaşdırılması dövlət maliyyəsinin effektiv idarə edilməsinə əlavə töhfə verə bilər", – deyə Palata sədri bildirib.

O, həmçinin 2027-ci ilin dövlət büdcəsinin qanun layihəsinə dair izahatda fiskal dayanıqlılığa təsir edən risklərlə bağlı məlumatların və təhlillərin genişləndirildiyini diqqətə çatdırıb. Bununla belə, risklərə dair məlumatların keyfiyyətinin daha da artırılması istiqamətində tədbirlərin davam etdirilməsini vacib sayıb.

Ehtiyat fondlarının limiti 7 faizə qaldırıla bilər

V.Gülməmmədov 2027-ci ilin dövlət büdcəsi layihəsində bir sıra qanunvericilik aktlarına, o cümlədən "Büdcə sistemi haqqında" qanuna dəyişikliklərin nəzərdə tutulduğunu da bildirib.

Onun sözlərinə görə, sözügedən qanunun 6.2-ci maddəsinə təklif olunan dəyişiklik dövlət büdcəsinin ehtiyat fondlarının ümumi limitinin 5 faizdən 7 faizə qədər artırılmasını nəzərdə tutur.

Palata sədri qeyd edib ki, gələn il iqtisadi artım və inflyasiya gözləntiləri, vergi inzibatçılığının və nəzarət mexanizmlərinin təkmilləşdirilməsi, eləcə də qanunvericiliyə təklif olunan dəyişikliklər hesabına əlavə gəlir potensialının yaranması dövlət büdcəsinin daxilolmalarının cari ilin göstəricisini əhəmiyyətli dərəcədə üstələyəcəyini gözləməyə əsas verir.

O əlavə edib ki, növbəti ildə İcbari Tibbi Sığorta Fonduna dövlət büdcəsindən ayrılan vəsaitlərin artımla proqnozlaşdırılmasına baxmayaraq, Naxçıvan Muxtar Respublikasına dotasiya və Dövlət Sosial Müdafiə Fonduna ayırmalar dövlət öhdəlikləri üzrə azalma ilə nəzərdə tutulub.

Bildirilib ki, 2027-ci ilin dövlət büdcəsi layihəsində hər iki ehtiyat fondu üzrə vəsaitlərin həcmi qanunvericiliklə müəyyən edilmiş hədlər çərçivəsində proqnozlaşdırılıb.

Hesablama Palatasından 35 tövsiyə

V.Gülməmmədovun sözlərinə görə, Hesablama Palatası 2027-ci ilin dövlət büdcəsi layihəsinə dair rəyində ümumilikdə 35 tövsiyə irəli sürüb. Bu tövsiyələr büdcə planlaşdırılmasının keyfiyyətinin artırılması, fiskal şəffaflığın gücləndirilməsi və dövlət maliyyəsinin idarə edilməsinin təkmilləşdirilməsini əhatə edir.

O, tövsiyələr arasında büdcə kəsirinin maliyyələşdirilməsi mənbələri üzrə proqnozların bütün komponentlər və konkret məbləğlər göstərilməklə büdcə sənədlərinə daxil edilməsinin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.

"Büdcə layihələndirilməsi prosesində yaşıl büdcə mexanizminin tətbiqi istiqamətində addımların atılmasını məqsədəuyğun hesab edirik", – deyə V.Gülməmmədov bildirib.

Palata sədrinin diqqətə çatdırdığı digər tövsiyələr sırasında "Büdcə sistemi haqqında" qanunun büdcədənkənar əməliyyatlara dair anlayışı əks etdirən 1.1.6-cı maddəsinə yenidən baxılması, ortamüddətli dövr üçün hədəf göstəricilərin müəyyənləşdirilməsi zamanı gəlirlərlə yanaşı, xərclərin də əhatə olunması yer alıb.

Bundan başqa, vahid büdcə təsnifatında icbari tibbi sığorta ödənişləri ilə bağlı ayrıca paraqrafın yaradılması, dövlət sifarişləri üzrə mexanizmin təkmilləşdirilməsi və dövlət sifarişlərinin formalaşdırılması prosesinin elektronlaşdırılması təklif edilib.

Hesablama Palatası, həmçinin ölkənin Açıq Büdcə İndeksində mövqeyinin yaxşılaşdırılması məqsədilə büdcə sənədləşməsinin təkmilləşdirilməsini və "Büdcə sistemi haqqında" qanunun 12, 16, 18 və 20-ci maddələri üzrə təqdim edilmiş təkliflərin nəzərə alınmasını tövsiyə edib.

Qeyd edək ki, Hesablama Palatasının 2027-ci ilin dövlət büdcəsinə dair rəyi büdcə layihəsinin gəlir və xərc parametrlərinin, fiskal risklərin, büdcə siyasətinin və dövlət maliyyəsinin idarə edilməsi mexanizmlərinin qiymətləndirilməsini əhatə edir.

Mövzuya görə xəbərlər