Son dəqiqə

Azərbaycan

"ING Group" Azərbaycanda inflyasiyanın 2028-ci ildə 6%-ə yüksələcəyini proqnozlaşdırır

Bakı,TurkicWorld

Niderlandın ən böyük bank qrupu "ING Group" Azərbaycanda illik inflyasiyanın 2026-cı ildə orta hesabla 5,7%, 2027-ci ildə 5,6%, 2028-ci ildə isə 6% təşkil edəcəyini proqnozlaşdırır.

Bu barədə "ING Group"un noyabrın 10-na olan məlumatlarında bildirilir.

Proqnozlara əsasən, Azərbaycanda inflyasiyanın 2026-cı ilin üçüncü və dördüncü rüblərində illik ifadədə 5,7% səviyyəsində olacağı gözlənilir. 2027-ci ilin birinci rübündə bu göstəricinin 5,5%-ə enəcəyi, ikinci rübdə də eyni səviyyədə qalacağı ehtimal edilir.

"ING Group"un qiymətləndirməsinə görə, 2027-ci ilin üçüncü rübündə illik inflyasiya 5,4%-ə qədər azalacaq. Dördüncü rübdə də inflyasiyanın 5,4% səviyyəsində olacağı proqnozlaşdırılır.

Beləliklə, təşkilat 2027-ci il üzrə orta illik inflyasiyanın 5,6% olacağını gözləyir. 2028-ci ildə isə bu göstəricinin 6%-ə yüksələcəyi proqnozlaşdırılır.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı ortamüddətli dövrdə illik inflyasiyanın hədəf daxilində olacağını proqnozlaşdırır.

"Belə ki, baza ssenarisi üzrə oktyabr proqnozlarına görə illik inflyasiyanın həm 2026-cı ilin, həm də 2027-ci ilin sonunda 5.9% olacağı gözlənilir. İyul proqnozu ilə müqayisədə inflyasiya proqnozu 2026-cı ilə 0.2 faiz bəndi aşağı, 2027-ci ilə isə 0.1 faiz bəndi yuxarı dəyişdirilib. Qeyd edək ki, baza ssenari üzrə proqnozlar dövlət tərəfindən tənzimlənən qiymət və tariflərin sabit qalmasını nəzərdə tutur.

İnflyasiya üzrə risklər əsasən beynəlxalq mühitlə bağlıdır. Qlobal geosiyasi qeyri-müəyyənlik fonunda enerji və ərzaq qiymətlərinin artması, eləcə də bu artımın əsas ticarət tərəfdaşları vasitəsilə daxili qiymətlərə ötürülməsi riski əhəmiyyətli olaraq qalır. Bu ötürülmənin dərəcəsi, digər amillərlə yanaşı, manatın nominal effektiv məzənnəsinin dinamikasından asılı olacaq. Növbəti dövrdə Mərkəzi Bankın inflyasiya proqnozları əsasən bu risklərin reallaşma miqyasından asılı olaraq yenilənəcəkdir. Mövcud fiskal və pul siyasəti şəraitində daxili tələbin inflyasiya təzyiqlərini əhəmiyyətli dərəcədə artıracağı gözlənilmir", - məlumatda bildirilib.

Qeyd edilib ki, illik inflyasiya hədəf diapazonu (4±2%) daxilindədir və baza ssenarisi üzrə proqnoz trayektoriyasına uyğun hərəkət edir: "2026-cı ilin sentyabrında 12 aylıq inflyasiya 5.5% təşkil edib ki, bu da avqustdakı analoji göstəriciyə nəzərən 0.2 faiz bəndi aşağıdır. İllik qiymət artımı qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6.9%, ödənişli xidmətlər üzrə 5.1%, qeyri-qida məhsulları üzrə isə 3.6% olub. İllik baza inflyasiya 4.9% təşkil edib".

Mövzuya görə xəbərlər