BAKI,TurkicWorld,Yusif Şərifzadə
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Hörmüz boğazının yenidən açılmasının prioritet olduğunu bildirib və boğazın uzun müddət bağlı qalmasının heç kimin marağında olmadığını vurğulayıb.
TurkicWorld xəbər verir ki, Ərdoğan müsahibədə Hörmüz boğazının açılmasının vacibliyini diqqətə çatdırıb. Müsahibə bazar günü yayımlanacaq.
Türkiyə Prezidenti bildirib ki, ABŞ Prezidenti Donald Trampın son səfəri zamanı İsrailin Livana qarşı müharibəsinin dayandırılmasının zəruriliyi və bu məqsədə çatmaqda Vaşinqtonun mühüm rolu barədə müzakirələr aparılıb.
Ərdoğan İsrailin Livana qarşı hərbi əməliyyatlarının dayandırılmasının bölgədə gərginliyin azaldılması baxımından vacib olduğunu qeyd edib.
Türkiyə Prezidenti həmçinin Səudiyyə Ərəbistanı və Pakistanla yaxın zamanda elan edilən birgə müdafiə razılaşmasına münasibət bildirib.
Ərdoğan gələcəkdə Misir kimi digər ölkələrin də bu razılaşmaya qoşulmasının mümkün olduğunu deyib.
O, belə bir genişlənmənin regional təhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsinə imkan verə biləcəyini vurğulayıb.







