BAKI,TurkicWorld,Yusif Şərifzadə
Rusiyanın Birləşmiş Millətlər Təşkilatındakı daimi nümayəndəsi Mixail Ulyanov ABŞ-ın Hörmüz boğazında gəmiçilik azadlığının təmin olunması ilə bağlı çağırışlarını tənqid edib. O, boğazda mövcud vəziyyətin yaranmasına ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarının səbəb olduğunu bildirib.
TurkicWorld xəbər verir ki, Mixail Ulyanov ABŞ-ın Hörmüz boğazında sərbəst gəmiçilik tələb etməsini məntiqsiz adlandırıb. O, Vaşinqtonun bir tərəfdən boğazdan sərbəst keçid tələb etdiyini, digər tərəfdən isə İrana qarşı hərbi əməliyyatlarla bu azadlığı aradan qaldırdığını bildirib.
Ulyanovun sözlərinə görə, ABŞ hazırda özünün strateji səhvinin nəticələrini müharibəni davam etdirməklə aradan qaldırmağa çalışır.
Rusiya nümayəndəsi ABŞ-ın yanaşmasını ziddiyyətli qiymətləndirib və bu siyasətdə anlaşılmaz məqamların olduğunu vurğulayıb.
Hörmüz boğazı dünya üzrə enerji daşıyıcılarının daşınması baxımından mühüm dəniz yollarından biridir. Boğaz ətrafında yaranan gərginlik beynəlxalq gəmiçilik və enerji təchizatı ilə bağlı narahatlıqları artırıb.
Ulyanovun açıqlaması Rusiya tərəfinin ABŞ-ın İran siyasətinə qarşı tənqidi mövqeyini bir daha ortaya qoyub.







