Son dəqiqə

Oman neft sızması dəniz çirklənməsi Məzirə adası ekoloji fəlakət dəniz canlıları

Omandakı nəhəng neft sızması hansı fəsadlara səbəb ola bilər?

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Oman Ətraf Mühit İdarəsi neftdaşıyan gəmidən həftələrdir davam edən sızmanın ölkə sahillərinə çatdığını açıqlayıb. Mütəxəssislər nəzarətsiz şəkildə genişlənən neft təbəqəsinin son illərin ən ağır dəniz çirklənməsi hadisələrindən birinə çevrilə biləcəyi barədə xəbərdarlıq edirlər.

TurkicWorld xəbər verir ki, peyk görüntülərini araşdıran neft sızmaları üzrə mütəxəssis Con Amos dənizin səthinə yayılan neft təbəqəsinin artıq 2 min kvadratkilometrdən çox ərazini əhatə etdiyini bildirib. Oman Ətraf Mühit İdarəsinin məlumatına görə, çirklənmə Rəs Mədrəkə yaxınlığında təxminən 40 kilometrlik sahil zolağına, eləcə də Məzirə adasına təsir göstərə bilər.

Neft “Caroline Bezengi” adlı gəmidən sızır. Gəmi iyunun 30-da Oman sahillərində saya oturub və onun təxminən 800 min barel Rusiya nefti daşıdığı bildirilir. Gəminin zədələnməsindən sonra başlayan sızma avqustun əvvəlindən etibarən sürətlə genişlənib.

Əsas təhlükələrdən biri neftin zəngin canlı aləminə malik qorunan dəniz ərazilərinə yayılmasıdır. Bölgədə Ərəbistan dənizi donqar balinaları və Sokotra qarabatdaqları da daxil olmaqla nadir canlı növləri yaşayır. Neft sahilə çatdıqda dəniz canlılarının yaşayış və çoxalma ərazilərinə uzunmüddətli zərər verə bilər.

Mütəxəssisləri narahat edən ən ağır ehtimal isə zədələnmiş gəminin parçalanaraq qalan bütün yükünün dənizə axmasıdır. Con Amosun hesablamasına görə, belə vəziyyətdə dənizə 40–50 milyon qallona qədər neft tökülə bilər. Bu həcm 1989-cu ildə baş vermiş “Exxon Valdez” neft sızması ilə müqayisə edilə biləcək səviyyədədir.

Əlverişsiz hava şəraiti də çirklənmənin qarşısının alınmasını çətinləşdirir. Mövsümi Xərif küləkləri və güclü dalğalar həm neftin daha geniş əraziyə yayılmasına səbəb olur, həm də zədələnmiş gəmiyə yaxınlaşaraq xilasetmə işlərinin aparılmasını çətinləşdirir.

Mütəxəssislər hesab edirlər ki, daha ağır ekoloji fəlakətin qarşısının alınması üçün gəmi sabitləşdirilməli və içərisində qalan neft mümkün qədər tez başqa gəmiyə köçürülməlidir. Əks halda külək və dalğaların təsiri ilə gəminin daha da parçalanması sızmanın miqyasını kəskin şəkildə artıra bilər.

Mövzuya görə xəbərlər