BAKI,TurkicWorld,Yusif Şərifzadə
Livan Prezidenti Cozef Aun və Baş nazir Nəvaf Salam ölkənin cənubunda davam edən İsrail hücumları fonunda bölgədəki vəziyyəti müzakirə ediblər.
TurkicWorld xəbər verir ki, Livan Prezident Administrasiyasının X hesabında yayılan məlumata görə, Aun Salamı qəbul edib və görüşdə İsrailin hücumları, eləcə də bölgədəki kənd və şəhərlərdə evlərin və infrastrukturun dağıdılması məsələləri müzakirə olunub.
Görüş zamanı qarşıdakı Nazirlər Kabinetinin iclasının gündəliyi də nəzərdən keçirilib.
İki lider, həmçinin Livan üzrə Hərbi Koordinasiya Qrupunun rəhbəri, ABŞ generalı Jozef Klirfildlə çərşənbə günü Beyrutda keçirilmiş görüşlər barədə fikir mübadiləsi aparıblar.
Hərbi Koordinasiya Qrupu Livanla bağlı ABŞ-ın vasitəçiliyi ilə əldə olunmuş çərçivə razılaşması əsasında yaradılmış üçtərəfli koordinasiya mexanizmidir.
Məlumata görə, görüş Livanın cənubunda İsrail hücumlarının davam etdiyi bir vaxtda keçirilib. ABŞ-ın vasitəçiliyi ilə əldə olunan çərçivə razılaşması tərəflər arasında atəşkəsi nəzərdə tutsa da, bölgədə hücumların davam etdiyi bildirilir.



