BAKI,TurkicWorld,Yusif Şərifzadə
Roma Papası XIV Leo Livan Prezidenti Jozef Aunla görüşüb. Vatikan görüşdən sonra İsrail ilə Livan arasında ABŞ-nin vasitəçiliyi ilə ötən iyun ayında əldə olunmuş çərçivə sazişinin həyata keçirilməsində yaranan çətinliklərdən ciddi narahatlıq keçirdiyini açıqlayıb.
TurkicWorld xəbər verir ki, Müqəddəs Taxt-Tacın açıqlamasında Vatikanın İsrail və Livan arasında çərçivə sazişinin imzalanmasını müsbət qarşıladığı xatırladılıb. Bununla yanaşı, sənədin müddəalarının həyata keçirilməsinə mane olan çətinliklərdən dərin narahatlıq ifadə olunub.
Vatikan sazişin icrasının təmin olunması istiqamətində göstərilən səyləri dəstəklədiyini bildirib. Müqəddəs Taxt-Tac Livanla İsrail arasında əldə edilmiş razılaşmanın yerinə yetirilməsini bölgədə sabitliyin təmin olunması baxımından mühüm hesab edir.
Livan Prezidenti Jozef Aun isə ölkəsinin tələblərinin həyata keçirilməsinə göstərdiyi dəstəyə görə Papa XIV Leoya təşəkkür edib. Bu barədə Livanın Milli Xəbər Agentliyi məlumat yayıb.
Aun Livan ərazilərinin işğalına son qoyulması və İsrailin ölkə ərazisinə hücumlarının dayandırılması istiqamətində göstərilən səyləri yüksək qiymətləndirib. O, bu məsələlərdə Vatikanın dəstəyinin davam etdirilməsini istəyib.
Livan prezidenti Papa XIV Leodan ölkəsinin tələblərinə bundan sonra da dəstək göstərməsini xahiş edib. Aun əsas məsələlərdən birinin İsrailin çərçivə sazişinin şərtlərinə əməl etməsinin təmin olunması olduğunu bildirib.
Jozef Aun, həmçinin İsrail qüvvələrinin işğal altında saxladığı Livan ərazilərindən çıxarılmasını tələb edib. Livan rəhbərliyi sazişin tam icrasını ölkənin cənubunda sabitliyin bərpası üçün əsas şərtlərdən biri hesab edir.







