Son dəqiqə

BMT Yəmən Husilər atəşkəs Yəmən münaqişəsi mülki əhali Hans Qrundberq Əl-Məxa Moça

BMT-nin Yəmən üzrə xüsusi nümayəndəsi husiləri hücumları dayandırmağa çağırıb

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Birləşmiş Millətlər Təşkilatının Yəmən üzrə xüsusi nümayəndəsi Hans Qrundberq husilərin Yəmənin Əl-Məxa liman şəhərinə son hücumlarından narahatlığını ifadə edərək gərginliyin azaldılmasına çağırıb.

TurkicWorld xəbər verir ki, Hans Qrundberq sosial şəbəkədəki yazılı açıqlamasında husilərin son hücumlarının 2022-ci ildə BMT-nin vasitəçiliyi ilə əldə olunmuş atəşkəsdən sonra Yəməndə hərbi fəaliyyətin ən ciddi şəkildə artdığı dövrə təsadüf etdiyini bildirib.

BMT rəsmisi qeyd edib ki, bu hücumlar Yəməndə tammiqyaslı münaqişənin yenidən başlaması riskini əhəmiyyətli dərəcədə artırır və mülki əhalini ciddi təhlükə qarşısında qoyur.

Qrundberq eskalasiyanın dayandırılmasının və mülki şəxslərlə yanaşı, mülki infrastrukturun qorunmasının vacibliyini vurğulayıb.

O, bütün tərəfləri maksimum təmkin göstərməyə çağırıb və Yəməndə yeni qarşıdurmanın qarşısının alınmasının vacib olduğunu bildirib.

Yəmənin beynəlxalq səviyyədə tanınmış hökumətinə bağlı ordu Əl-Məxa şəhərinə edilən hücum nəticəsində yeddi nəfərin öldüyünü açıqlayıb. Ölənlərdən dördünün hərbçi, üçünün isə mülki şəxs olduğu bildirilib.

Hücum nəticəsində azı 30 nəfərin yaralandığı qeyd olunub.

Bundan əvvəl bazar günü Əl-Məxa şəhərinə həyata keçirilən digər hücumlar nəticəsində azı 11 nəfərin öldüyü açıqlanmışdı.

Mövzuya görə xəbərlər