BAKI,TurkicWorld,Yusif Şərifzadə
ABŞ administrasiyası Kubaya qarşı yeni sanksiyalar elan edib. Yeni məhdudiyyətlər bir sıra Kuba vətəndaşlarını və ölkədə fəaliyyət göstərən təşkilatları əhatə edir.
TurkicWorld xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin rəsmi internet səhifəsində məlumat yerləşdirilib.
Məlumata əsasən, sanksiyalar siyahısına altı Kuba vətəndaşı, o cümlədən Çində yaşayan bir nəfər və Rusiyada yaşayan digər bir şəxs daxil edilib.
Bununla yanaşı, Kubada fəaliyyət göstərən beş təşkilata da yeni sanksiyalar tətbiq olunub.
ABŞ Maliyyə Nazirliyi daha əvvəl sanksiyaya məruz qalmış iki Kuba vətəndaşına qarşı da əlavə məhdudiyyətlər tətbiq edib.
Nazirlik yeni sanksiyaların səbəbləri və həmin şəxslərlə təşkilatların konkret fəaliyyəti barədə ətraflı məlumat açıqlamayıb.
Vaşinqtonun bu addımı ABŞ–Kuba münasibətlərində gərginliyin davam etdiyi bir dövrdə atılıb.







