Son dəqiqə

Fələstin İsrail Yaxın Şərq Şərqi Qüds Qərb Sahili Qalandiya

Şərqi Qüds yaxınlığında İsrail reydləri davam edir

BAKI,TurkicWorld,Yusif Şərifzadə

İsrail ordusu işğal altındakı Şərqi Qüdsün şimalında yerləşən Qalandiya qaçqın düşərgəsində keçirdiyi əməliyyat zamanı bir fələstinli qadını saxlayıb.

TurkicWorld xəbər verir ki, bu barədə Fələstinin WAFA xəbər agentliyi yerli mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, İsrail hərbçiləri Kifah Həmədin evinə basqın edərək qapını zorla sındırıblar. Bildirilir ki, əməliyyat zamanı ailə üzvlərinə qarşı fiziki zorakılıq tətbiq olunub, qadının həyat yoldaşı qandallanaraq ayrı otağa aparılıb.

Daha sonra Kifah Həməd saxlanılaraq naməlum istiqamətə aparılıb.

WAFA-nın məlumatına əsasən, Kifah Həməd Əl-Qubeybə Qızlar Orta Məktəbində təhsil məsləhətçisi kimi çalışır. Onun ayağının sınıq olduğu və tibbi şin istifadə etdiyi bildirilir.

Agentlik qeyd edir ki, bu saxlanılma Qalandiya qaçqın düşərgəsində davam edən genişmiqyaslı İsrail hərbi əməliyyatı çərçivəsində baş verib. Əməliyyat zamanı onlarla fələstinlinin saxlanıldığı və yaşayış evlərində axtarışların aparıldığı bildirilir.

Mövzuya görə xəbərlər