Son dəqiqə

BMT ABŞ Səudiyyə Ərəbistanı Donald Tramp

Səudiyyə Ərəbistanı Qəzza ilə bağlı tarixi razılaşmanı dəstəklədi

BAKI,TurkicWorld

Səudiyyə Ərəbistanı Qəzzada silahların təhvil verilməsinə (desilahlaşdırma) dair əldə olunduğu bildirilən razılaşmanı dəstəklədiyini açıqlayıb.

TurkicWorld xəbər verir ki, Krallığın Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə elan edilən razılaşma alqışlanıb. Bildirilib ki, bu mərhələnin əldə olunmasında Trampın liderliyi və diplomatik səyləri mühüm rol oynayıb.

Bəyanatda, həmçinin Misir, Qətər, Türkiyə, ABŞ və prosesə töhfə verən digər beynəlxalq tərəfdaşların səyləri yüksək qiymətləndirilib.

Səudiyyə Ərəbistanı BMT Təhlükəsizlik Şurasının 2803 saylı qətnaməsi ilə təsdiqlənmiş hərtərəfli sülh planının tam icrasına sadiq olduğunu vurğulayıb.

Ər-Riyad razılaşmanın uğurla həyata keçirilməsi üçün İsrail qoşunlarının Qəzza zolağından tam çıxarılmasını, əraziyə beynəlxalq sabitlik qüvvələrinin yerləşdirilməsini, humanitar yardımın fasiləsiz çatdırılmasını, eləcə də Fələstin Milli Administrasiyasının Qəzzada fəaliyyətini bərpa etməsini vacib hesab etdiyini bildirib.

Səudiyyə Ərəbistanı hesab edir ki, razılaşma Fələstin xalqının öz müqəddəratını təyin etməsi və müstəqil dövlət qurması istiqamətində geniş siyasi prosesin başlanğıcı olmalıdır. Bəyanatda Fələstin və İsrailin qarşılıqlı tanınma əsasında sülh şəraitində birgə yaşamasının vacibliyi də qeyd olunub.

Mövzuya görə xəbərlər