BAKI,TurkicWorld,Yusif Şərifzadə
ABŞ administrasiyası İrana qarşı yeni sanksiyalar paketi elan edib. Yeni məhdudiyyətlər səkkiz neft tankeri və 10 hüquqi şəxsi əhatə edir.
TurkicWorld xəbər verir ki, ABŞ Maliyyə Nazirliyinin rəsmi internet səhifəsində dərc olunan məlumata əsasən, sanksiyalar İranın neft ticarəti və "kölgə donanması" adlandırılan gəmi şəbəkəsini hədəf alır.
Vaşinqton bildirib ki, bu addım son aylarda həyata keçirilən "maksimum təzyiq" siyasətinin davamıdır. ABŞ administrasiyasının mövqeyinə görə, məqsəd İranın silah proqramları və regiondakı müttəfiq silahlı qruplaşmaların maliyyələşdirilməsində istifadə olunduğunu iddia etdiyi gəlir mənbələrini məhdudlaşdırmaqdır.
Yeni sanksiyalar Yaxın Şərqdə gərginliyin artdığı, ABŞ və İran arasında qarşılıqlı hücumların davam etdiyi bir vaxta təsadüf edir. Eyni zamanda, Hörmüz boğazında yaranmış vəziyyət səbəbindən qlobal enerji tədarükündə ciddi çətinliklərin yarandığı bildirilir.
İran hökuməti ABŞ-ın yeni sanksiyaları ilə bağlı hələlik rəsmi açıqlama verməyib.







