BAKI,TurkicWorld,Yusif Şərifzadə
Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Al Tani Kanadanın xarici işlər naziri Anita Anand ilə telefon danışığında Yaxın Şərqdə gərginliyin azaldılması istiqamətində görülən səyləri müzakirə edib.
TurkicWorld xəbər verir ki, Qətər Xarici İşlər Nazirliyinin yaydığı məlumata əsasən, Şeyx Məhəmməd bin Əbdülrəhman Al Tani danışıq zamanı bütün tərəflərin dialoq və diplomatiya yoluna sadiq qalmasının vacibliyini vurğulayıb. O, həmçinin əldə olunmuş anlaşma memorandumunun icrasının, o cümlədən Hörmüz boğazında gəmiçiliyin sərbəstliyinin təmin edilməsinin əhəmiyyətini qeyd edib.
Qətərin Baş naziri ölkəsinin regionda gərginliyin azaldılması istiqamətində göstərilən səyləri dəstəklədiyini və Yaxın Şərqdə hərtərəfli, davamlı sülhün əldə olunmasına tərəfdar olduğunu bir daha bəyan edib.
Telefon danışığında regional təhlükəsizlik və diplomatik həll yollarının təşviqi ilə bağlı fikir mübadiləsi aparıldığı bildirilib.
Kanada Xarici İşlər Nazirliyi danışığın məzmunu ilə bağlı hələlik əlavə açıqlama verməyib.







