BAKI,TurkicWorld,Yusif Şərifzadə
Ukraynanın xarici işlər naziri Andrey Sibiqa İranın Xəzər dənizində ticarət gəmisinə hücum edilməsi ilə bağlı açıqlamalarına sərt reaksiya verərək Tehranın özünü qurban kimi təqdim etməsinin əsassız olduğunu bildirib.
TurkicWorld xəbər verir ki, Andrey Sibiqa X sosial şəbəkəsində paylaşdığı bəyanatda İranı Rusiyanın Ukraynaya qarşı müharibəsində silah tədarükü vasitəsilə iştirak etməkdə ittiham edib. Onun sözlərinə görə, Tehran 2022-ci ildən bəri Ukrayna vətəndaşlarının ölümünə səbəb olan silahlarla Moskvanın hərbi əməliyyatlarına dəstək verir.
Ukraynalı nazir bildirib ki, bu səbəbdən İranın özünü zərərçəkmiş kimi göstərməyə və ya BMT Nizamnaməsinə istinad edərək təhdidlərini əsaslandırmağa haqqı yoxdur.
Sibiqa həmçinin İranı Rusiyanın Qara dənizdə mülki gəmiçiliyə qarşı hücumlarından diqqəti yayındırmağa çalışmaqda ittiham edib. Onun sözlərinə görə, bu hücumlar qlobal ərzaq təhlükəsizliyinə ciddi risk yaradır.
Nazir əlavə edib ki, Rusiyanın gəmiçilik azadlığına qarşı hücumları BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasında müzakirə olunacaq və Ukrayna beynəlxalq ictimaiyyətdən qətiyyətli reaksiya gözləyir.
İran isə şənbə günü Ukraynanı Xəzər dənizində kommersiya gəmisinə hücum etməkdə ittiham edib və hadisəni təcavüz aktı kimi qiymətləndirib. Tərəflərin qarşılıqlı ittihamları müstəqil mənbələr tərəfindən ayrıca təsdiqlənməyib.







