BAKI,TurkicWorld,Yusif Şərifzadə
İordaniya Silahlı Qüvvələri İran tərəfindən ölkə istiqamətində buraxıldığı bildirilən yeddi raket və altı pilotsuz uçuş aparatının hava hücumundan müdafiə vasitələri ilə məhv edildiyini açıqlayıb. Rəsmi məlumata görə, insident nəticəsində ölən, yaralanan və ya maddi ziyan qeydə alınmayıb.
TurkicWorld xəbər verir ki, İordaniya ordusunun yaydığı bəyanatda adı açıqlanmayan hərbi rəsmiyə istinadən bildirilib ki, hava hücumundan müdafiə sistemləri və Kral Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr ölkə ərazisini hədəf aldığı bildirilən yeddi raketi və altı pilotsuz uçuş aparatını zərərsizləşdirib.
Bəyanatda qeyd olunub ki, raket və pilotsuz uçuş aparatlarının qalıqlarının düşdüyü ərazilərə Kral Mühəndis Korpusu göndərilib. Mütəxəssislər qalıqları müəyyən edilmiş texniki və təhlükəsizlik prosedurlarına uyğun şəkildə zərərsizləşdiriblər.
Bundan əvvəl İran ordusu ABŞ-nin İrana qarşı ardıcıl on üçüncü gecə həyata keçirdiyi zərbələrdən sonra Bəhreyn və İordaniyada yerləşən ABŞ hərbi personalını və hərbi obyektlərini hədəf alan pilotsuz uçuş aparatları ilə əməliyyat keçirdiyini açıqlamışdı.
İordaniya tərəfi isə yaydığı bəyanatda yalnız ölkə ərazisinə yönəldiyi bildirilən raket və pilotsuz uçuş aparatlarının vurulduğunu təsdiqləyib və hücum nəticəsində itki və dağıntı olmadığını bildirib.







