BAKI,TurkicWorld,Yusif Şərifzadə
Küveyt hökuməti ölkəyə qarşı həyata keçirilən son hücumları qətiyyətlə pisləyərək İranı "iyrənc təcavüz"də ittiham edib və milli təhlükəsizliyini qorumaq üçün bütün zəruri tədbirləri görmək hüququnu özündə saxladığını bəyan edib.
TurkicWorld xəbər verir ki, Küveyt Xarici İşlər Nazirliyinin bəyanatına əsasən, ölkə İranın bu səhər həyata keçirdiyi hücumları ən sərt şəkildə qınayır. Rəsmi açıqlamada bildirilir ki, həyati əhəmiyyət daşıyan obyektlərin təkrar hədəfə alınması mülki infrastruktura qarşı sistemli və aqressiv yanaşmanın göstəricisidir.
Nazirlik vurğulayıb ki, bu cür hücumlar mülki əhalinin həyatını və təhlükəsizliyini ciddi risk altına qoyur, eyni zamanda ölkənin əsas infrastrukturunun fəaliyyətinə təhlükə yaradır.
Bəyanatda qeyd olunub ki, Küveyt BMT Nizamnaməsində təsbit olunan özünümüdafiə hüququna əsaslanaraq ölkənin ərazi bütövlüyünü, suverenliyini və strateji obyektlərini qorumaq üçün bütün zəruri addımları atmaq hüququnu özündə saxlayır.
Son saatlarda İranın Körfəz ölkələrinə qarşı həyata keçirdiyi hücumlar bölgədə təhlükəsizlik narahatlıqlarını daha da artırıb və regional gərginliyi yeni mərhələyə keçirib.







