Son dəqiqə

Norveç yanğın təbii fəlakət təxliyə yanğınsöndürənlər Drammen Oslo

Norveçdə güclü yanğın 50-dən çox evi külə döndərib

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Norveçin cənubunda yerləşən Drammen şəhəri yaxınlığında baş verən güclü yanğın nəticəsində 50-dən çox yaşayış evi yanaraq yararsız vəziyyətə düşüb.

TurkicWorld xəbər verir ki, yanğın güclü küləyin təsiri ilə sürətlə yayılıb və yanğınsöndürənlər alovun qarşısını almaq üçün genişmiqyaslı əməliyyat aparırlar. Hadisə Oslo şəhərindən təxminən 50 kilometr qərbdə yerləşən yaşayış məntəqəsində qeydə alınıb.

Yanğın zamanı ərazini qalın qara tüstü bürüyüb. Bununla belə, hadisə nəticəsində ölən, xəsarət alan və ya itkin düşən şəxslər barədə məlumat verilməyib.

Alov əsasən bir-birinə bitişik yaşayış evlərinin yerləşdiyi məhəlləni əhatə edib. Daha sonra yanğın yaxınlıqdakı meşə sahəsinə də keçib.

Polis təhlükəsizlik məqsədilə yüzlərlə sakini təxliyə edib. Yanğınsöndürmə işləri davam edir və alovun tam söndürülməsi istiqamətində tədbirlər görülür.

Yanğının hansı səbəbdən və haradan başladığı hələlik məlum deyil. Hadisə ilə bağlı araşdırma aparılır.

Mövzuya görə xəbərlər