BAKI,TurkicWorld,Yusif Şərifzadə
İran Prezidenti Məsud Pezeşkian güclü yağışların daşqınlara səbəb olduğu ölkənin şimal vilayətlərinin rəhbərləri ilə telefon danışıqları aparıb. Prezident təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün bütün aidiyyəti qurumların fəaliyyətinin əlaqələndirilməsini tapşırıb.
TurkicWorld xəbər verir ki, Pezeşkianın rəsmi açıqlamasında icra, xilasetmə və xidmət qurumları arasında tam əlaqələndirmənin təmin edilməsinin vacibliyi vurğulanıb. Prezident vəziyyətin operativ idarə olunması üçün məsul şəxslərin daşqından zərər çəkmiş ərazilərdə birbaşa iştirak etməli olduğunu bildirib.
İranın “Tasnim” xəbər agentliyinin məlumatına görə, leysan yağışları ölkənin şimalındakı bəzi bölgələrdə ciddi daşqınlara səbəb olub. Yayılan görüntülərdə küçələrin su altında qaldığı və bəzi çayların məcrasından çıxdığı görünür.
Məlumata əsasən, təbii fəlakətdən ən çox Mazandaran vilayətinin mərkəzi və şərq rayonları zərər çəkib.
Yerli qurumlar daşqınların nəticələrinin aradan qaldırılması, əhalinin təhlükəsizliyinin təmin edilməsi və zəruri xidmətlərin göstərilməsi istiqamətində tədbirləri davam etdirirlər.






