BAKI,TurkicWorld,Yusif Şərifzadə
HƏMAS Qəzza zolağındakı Nuseyrat qaçqın düşərgəsində keçirilən dəfn mərasiminə İsrail ordusunun hücumunu pisləyib.
TurkicWorld xəbər verir ki, “Associated Press” agentliyinin Əl-Əvdə xəstəxanasındakı mənbələrə istinadən yaydığı məlumata görə, hücum nəticəsində azı 7 nəfər həlak olub, daha 22 nəfər yaralanıb.
Nuseyrat qaçqın düşərgəsində yerləşən Əl-Əvdə xəstəxanası ölən və yaralananların sayını təsdiqləyib.
Məlumata görə, hücum daha əvvəl İsrail zərbəsi nəticəsində öldürülən fələstinlinin dəfn mərasimi zamanı həyata keçirilib.
HƏMAS yaydığı bəyanatda hücumu “dəhşətli cinayət” adlandırıb.
“Bu dəhşətli cinayət təcavüzkar rejimin Qəzzada atəşkəs razılaşmasını sistemli və davamlı şəkildə pozaraq günahsız vətəndaşları vasitəçilərin və beynəlxalq ictimaiyyətin gözü qarşısında öldürməsi və terrora məruz qoyması fonunda baş verir”, – deyə bəyanatda bildirilib.
İsrail tərəfi hadisə ilə bağlı hələlik rəsmi açıqlama verməyib.
Hadisənin təfərrüatları müstəqil mənbələr tərəfindən tam təsdiqlənməyib.







