BAKI,TurkicWorld,Yusif Şərifzadə
Ağ Ev İranın ABŞ ilə danışıqları davam etdirdiyini və razılaşmanın əldə olunmasında maraqlı olduğunu bildirib.
TurkicWorld xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolin Livitt cümə axşamı keçirdiyi mətbuat toplantısında danışıb.
Onun sözlərinə görə, İran ABŞ ilə əlaqələri davam etdirir və Vaşinqtonla razılaşma əldə etmək istədiyini bildirir.
Livitt iddia edib ki, Tehranın razılaşma istəyinin əsas səbəblərindən biri ABŞ ordusunun həyata keçirdiyi ağır hərbi zərbələrdir.
Ağ Ev rəsmisi İranla aparıldığı bildirilən danışıqların hansı səviyyədə keçirildiyi və tərəflərin konkret hansı məsələləri müzakirə etdiyi barədə əlavə məlumat verməyib.
O, mümkün razılaşmanın şərtləri və danışıqların növbəti mərhələsi barədə də təfərrüat açıqlamayıb.
Ağ Evin bu bəyanatı İran rəsmilərinin ABŞ ilə danışıqların hazırda planlaşdırılmadığı barədə əvvəlki açıqlamaları ilə ziddiyyət təşkil edir.
İran tərəfi Karolin Livittin son açıqlamasına hələlik rəsmi münasibət bildirməyib.







