BAKI,TurkicWorld,Yusif Şərifzadə
Livanın xarici işlər naziri Yusif Rəcci Hizbullahın silahlı qanadının ləğvi ilə bağlı qərarın ölkənin suveren iradəsinə əsaslandığını bildirib.
TurkicWorld xəbər verir ki, nazir çıxışı zamanı Livanda artıq dövlət hakimiyyətindən kənar silahlı qüvvələrə və dövlət institutlarından kənarda qəbul edilən qərarlara yer olmadığını vurğulayıb.
Yusif Rəcci bildirib ki, Hizbullahın silahlı qanadının fəaliyyətinə son qoyulması Livanın suveren qərarıdır.
Onun sözlərinə görə, bu qərar ABŞ-də İsraillə əldə olunmuş çərçivə razılaşmasından əvvəl qəbul edilib.
Nazir qeyd edib ki, bununla Livanda müharibə və sülh, eləcə də xarici siyasətlə bağlı qərarların yalnız dövlət tərəfindən qəbul edilməsi prinsipi möhkəmləndirilir.
Rəcci əlavə edib ki, Livan ordusunun ölkənin bütün ərazisində tam yerləşdirilməsi İsrailin hələ də nəzarətində saxladığı Livan torpaqlarından tam çıxması ilə ayrılmaz şəkildə bağlıdır.
Xatırladaq ki, iyunun 26-da Vaşinqtonda keçirilən görüşdə İsrailin Livana qarşı hərbi əməliyyatlarının dayandırılmasını və silahlı qrupların tərksilah edilməsini nəzərdə tutan çərçivə razılaşması əldə olunmuşdu. Həmin sənəddə adı çəkilməsə də, silahlı qruplar ifadəsinin Hizbullaha aid olduğu bildirilir.







