BAKI,TurkicWorld,Yusif Şərifzadə
ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazından keçən yüklərə 20 faizlik rüsum tətbiq ediləcəyi ilə bağlı əvvəlki açıqlamasını dəyişib. O, bunun əvəzinə Körfəz ölkələri ilə ticarət və investisiya razılaşmalarına üstünlük veriləcəyini bildirib.
TurkicWorld xəbər verir ki, Donald Tramp sosial şəbəkə hesabında İran limanlarına qarşı tətbiq edilən blokadanın davam etdiyini açıqlayıb və Hörmüz boğazının bütün gəmilər üçün açıq olduğunu bildirib.
Tramp paylaşımında qeyd edib ki, boğazdan keçid yalnız İranla əlaqəli gəmilər üçün məhdudlaşdırılır.
ABŞ Prezidenti bu qərarın səbəbi kimi İran rəhbərliyinin siyasətini göstərib və Tehranın “dağıdıcı istiqamətə” getdiyini iddia edib.
Tramp daha əvvəl Hörmüz boğazından keçən yüklərə 20 faizlik ödəniş tətbiq ediləcəyini açıqlamışdı.
Lakin son paylaşımında o, bu rüsumun əvəzinə Körfəz ölkələri ilə yeni ticarət və investisiya razılaşmalarının həyata keçiriləcəyini bildirib.
Hörmüz boğazı ilə bağlı ABŞ siyasətində baş verən dəyişikliklər regionda dəniz ticarəti və enerji təhlükəsizliyi məsələləri fonunda diqqətlə izlənilir.







