BAKI,TurkicWorld,Yusif Şərifzadə
İran İslam İnqilabı Keşikçiləri Korpusu ABŞ-nin hərbi zərbələrinin yalnız İranın sərt cavabına səbəb olmayacağını, eyni zamanda Hörmüz boğazında dəniz nəqliyyatının bərpasına ciddi maneə yaradacağını bildirib.
TurkicWorld xəbər verir ki, SEPAH yaydığı açıqlamada müharibədən əvvəlki səviyyə ilə müqayisədə Hörmüz boğazında gəmi hərəkətinin 50 faizə qədər bərpa olunduğunu, lakin ABŞ-nin “müdaxiləçi addımlarının” mövcud vəziyyətə təsir etdiyini qeyd edib.
Açıqlamada Vaşinqtonun gəmi marşrutlarının müəyyənləşdirilməsinə müdaxiləsi nəqliyyatın yenidən pozulmasının əsas səbəblərindən biri kimi göstərilib.
SEPAH bildirib ki, Hörmüz boğazı və region üzərində qərarvermə hüququ xarici qüvvələrə aid deyil.
İran hərbi qurumu əlavə edib ki, ABŞ hücumları bölgədə təhlükəsizlik vəziyyətini daha da mürəkkəbləşdirir və dəniz nəqliyyatının tam bərpası prosesinə mənfi təsir göstərir.







