BAKI,TurkicWorld,Yusif Şərifzadə
Beynəlxalq Siyasət Mərkəzinin baş elmi əməkdaşı Neqar Mürtəzəvi hesab edir ki, ABŞ Prezidenti Donald Tramp başladığı müharibənin siyasi tələsinə düşüb.
TurkicWorld xəbər verir ki, Mürtəzəvi bu barədə Əl-Cəzirə telekanalına açıqlamasında danışıb.
Onun sözlərinə görə, İran ABŞ-yə qarşı ciddi müqavimət göstərərək Trampın müharibənin asan qələbə ilə nəticələnəcəyi barədə gözləntilərini qısa müddətdə puça çıxarıb.
Ekspert bildirib ki, İranın Hörmüz boğazı üzərindəki strateji mövqeyi ABŞ və onun müttəfiqləri üçün münaqişənin dəyərini artırmaq baxımından Tehrana mühüm üstünlük qazandırıb.
Mürtəzəvinin fikrincə, müharibənin Trampın nəzərdə tutduğu şərtlərlə qalibiyyətlə başa çatmasının mümkün olmadığı getdikcə daha aydın görünür.
O qeyd edib ki, ictimai rəy sorğuları amerikalıların əksəriyyətinin müharibənin başa çatmasını istədiyini göstərir.
Ekspert əlavə edib ki, Tramp siyasi baxımdan qələbə görüntüsü yaratmadan münaqişədən geri çəkilə bilmir. Onun sözlərinə görə, müharibə uzandıqca xərclər artır, lakin heç bir nəticə əldə etmədən münaqişəni dayandırmaq Tramp üçün siyasi məğlubiyyət kimi qiymətləndirilə bilər.







