BAKI,TurkicWorld Orxan Qədirzadə
NATO-nun baş katibi Mark Rutte ABŞ-ın İrana endirdiyi son hava zərbələrinin "tamamilə zəruri" olduğunu bildirib.
Ankarada keçirilən NATO Dövlət və Hökumət Başçılarının Zirvə toplantısından əvvəl jurnalistlərə açıqlama verən Rutte deyib ki, əgər atəşkəs qüvvədə olduğu halda İran onu pozursa, ABŞ-ın buna qətiyyətli şəkildə cavab verməsi vacibdir.
"Atəşkəs mövcuddursa və İran onu faktiki olaraq pozursa, ABŞ-ın güclü cavab verməsi tamamilə zəruridir", – deyə NATO-nun baş katibi vurğulayıb.
ABŞ ordusu çərşənbə axşamı İran ərazisinə yeni zərbələr endirib. Bundan əlavə, Hörmüz boğazında üç tankerə hücumdan sonra Vaşinqton Tehrana neft satışı imkanı verən lisenziyanı da ləğv edib. Bu addımlar onsuz da həssas olan atəşkəsə əlavə təzyiq yaradıb.
Mark Rutte bildirib ki, NATO çərçivəsində ABŞ-ın alyansa sadiqliyi ilə bağlı heç bir şübhə yoxdur və alyans eyni zamanda ABŞ-ın təhlükəsizliyinə də xidmət edir.
Bununla yanaşı, o qeyd edib ki, Avropa ölkələri və Kanada müdafiə xərclərini ABŞ səviyyəsinə yaxınlaşdırmalıdır və bu gözlənti tamamilə ədalətlidir.
Rutte əlavə edib ki, Avropa ölkələri və Kanadanın müdafiə xərclərini artırması NATO üçün mühüm nailiyyətdir. Onun sözlərinə görə, bu, Rusiya Prezidenti Vladimir Putin üçün uğursuzluq, ABŞ Prezidenti Donald Tramp üçün isə mühüm siyasi qələbə hesab oluna bilər.







