Son dəqiqə

Türkiyə NATO İsrail İran ABŞ Ankara Donald Tramp

ABŞ-İsrailin İrana qarşı müharibəsi NATO zirvə görüşü öncəsi qeyri-müəyyənliyi artırır

BAKI,TurkicWorld,Yusif Şərifzadə

ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatlar NATO-nun qarşıdakı zirvə görüşü ərəfəsində yeni siyasi gərginlik yaradıb. Alyans üzvlərinin münasibətlərində yaranan fikir ayrılıqlarının görüşə təsir göstərə biləcəyi bildirilir.

TurkicWorld xəbər verir ki, NATO liderləri gələn həftə Türkiyənin paytaxtı Ankarada bir araya gələcəklər. Məlumata görə, görüşdə əsas məqsədlərdən biri ABŞ Prezidenti Donald Trampla İran məsələsində yaranmış fikir ayrılıqlarını arxa plana keçirmək və alyans daxilində birliyi qorumaqdır.

Bildirilir ki, ABŞ və İsrailin İrana qarşı müharibəsi Avropada geniş dəstək qazanmasa da, NATO üzvlərinin böyük əksəriyyəti hava məkanından və hərbi bazalarından istifadə ilə bağlı əvvəlcədən üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetiriblər.

Məlumata görə, müharibə Donald Trampla İtaliyanın Baş naziri Corca Meloni və Böyük Britaniyanın vəzifəsini başa vuran Baş naziri Kir Starmer arasında şəxsi münasibətlərə də mənfi təsir göstərib. Bu gərginliyin Ankara görüşündə yenidən gündəmə gələ biləcəyi istisna edilmir.

Bununla yanaşı, NATO rəsmilərindən biri alyans liderlərinin qarşıda duran məsələlərin əhəmiyyətini yaxşı anladıqlarını və mümkün fikir ayrılıqlarının dialoq yolu ilə aradan qaldırılacağına ümid etdiyini bildirib.

Mövzuya görə xəbərlər