BAKI,TurkicWorld Orxan Qədirzadə
İranın şimal-şərqində yerləşən Cənubi Xorasan vilayətinə ilk dəfə olaraq Oman və Türkiyədən xarici sərmayə cəlb olunub. Xarici investisiyalar günəş elektrik stansiyalarının tikintisinə yönəldilib və bölgədə bərpa olunan enerji layihələrinin inkişafına yeni təkan verib.
Bu barədə İranın İqtisadiyyat və Maliyyə Nazirliyinin Cənubi Xorasan vilayəti üzrə Baş İdarəsinin rəisi Murtəza Zakeryan məlumat verib.
Onun sözlərinə görə, cari ilin əvvəlindən – yəni 2026-cı il martın 21-dən etibarən vilayətdə xarici sərmayə hesabına üç günəş elektrik stansiyasının tikintisinə icazə verilib. Layihələrin həyata keçirilməsində Oman, Türkiyə və Çin investorları iştirak edəcək.
Murtəza Zakeryan bildirib ki, Oman və Türkiyədən olan investorların Cənubi Xorasan vilayətinə sərmayə yatırması bölgənin tarixində ilk dəfə baş verir.
Rəsmi qeyd edib ki, regionda mövcud geosiyasi və təhlükəsizlik vəziyyətinə baxmayaraq, vilayətdə günəş enerjisi layihələrinə xarici sərmayənin cəlb edilməsi prosesi sürətlənib.
Onun sözlərinə görə, ötən ilin iyun ayında xarici investisiyalar hesabına Cənubi Xorasanda fəaliyyət göstərən günəş elektrik stansiyalarının ümumi istehsal gücü 18 meqavat təşkil edirdi. Hazırda isə xarici sərmayə ilə qurulan günəş elektrik stansiyalarının elektrik enerjisi istehsalı potensialı 48 meqavata çatıb.
Beləliklə, xarici investisiyalar hesabına yaradılan günəş elektrik stansiyalarının istehsal gücü bir il ərzində 166 faiz artıb.
Məlumata görə, aprelin 20-nə olan vəziyyətə əsasən, İranda günəş elektrik stansiyalarının ümumi enerji istehsalı gücü 4 070 meqavat olub. Yaxın dövrdə bu göstəricinin 7 000 meqavata yüksələcəyi gözlənilir.
İranda 2024-cü ilin avqustundan fəaliyyət göstərən hökumət ölkədə elektrik enerjisi istehsalının yüksək səviyyədə olmasına baxmayaraq, xüsusilə yay aylarında müşahidə olunan pik tələbatı nəzərə alaraq bərpa olunan enerji mənbələrinin inkişafına xüsusi diqqət yetirir.
Mütəxəssislərin qiymətləndirmələrinə əsasən, İranın ümumi elektrik istehsal gücü 100 min meqavatdan artıqdır. Bununla belə, yay mövsümündə enerji istehlakının kəskin artması səbəbindən ölkədə ciddi elektrik çatışmazlığı yaranır. Bu dövrdə İran enerji tələbatının bir hissəsini qarşılamaq üçün qonşu dövlətlərdən elektrik enerjisi idxal etməyə məcbur qalır.
Məhz bu səbəbdən həm dövlət qurumları, həm də özəl şirkətlər öz enerji tələbatlarını müstəqil şəkildə təmin etmək məqsədilə müxtəlif elektrik stansiyalarının qurulmasına investisiya yatırırlar.
Eyni zamanda hökumət müəssisələr və vətəndaşlar tərəfindən günəş panelləri vasitəsilə istehsal edilən artıq elektrik enerjisinin satın alınmasında da maraqlıdır. Bu yanaşma ölkədə alternativ enerji istehsalının genişlənməsini təşviq edir.
Mütəxəssislər bildirirlər ki, il ərzində günəşli günlərin sayının çox olması İranı günəş enerjisindən istifadə baxımından regionun ən əlverişli ölkələrindən birinə çevirir. Bu səbəbdən günəş elektrik stansiyaları ölkənin enerji təhlükəsizliyinin təmin edilməsində və elektrik çatışmazlığının azaldılmasında mühüm rol oynayır.







