BAKI,TurkicWorld,Yusif Şərifzadə
İran Prezidenti Məsud Pezeşkian bildirib ki, Tehran ABŞ ilə memorandumun imzalanmasına Vaşinqtonun İran xalqının hüquqlarına hörmət göstərmək niyyətini praktikada sınamaq məqsədilə razılıq verib.
TurkicWorld xəbər verir ki, Pezeşkian bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
İran prezidentinin sözlərinə görə, uzun müzakirələrdən sonra parlament üzvlərinin böyük əksəriyyəti memorandumun mətnini dəstəkləyib.
O qeyd edib ki, bu qərarın əsas məqsədi ABŞ-nin İranın qanuni hüquqlarına münasibətini real şəraitdə yoxlamaqdır.
Pezeşkian bildirib ki, sənəddə İranın milli maraqlarını qoruyan müddəaların yer almasına ölkənin ali rəhbəri Müctəba Xameneinin xüsusi töhfəsi olub.
Prezident vurğulayıb ki, memorandum aylarla davam edən dialoq və ardıcıl diplomatik səylərin nəticəsidir.
Onun fikrincə, sənəd müharibənin dayandırılması və danışıqlar mərhələsinə keçid istiqamətində mühüm addım hesab edilə bilər.
Pezeşkian əlavə edib ki, İran bütün mümkün ssenarilərə hazırdır və memorandumun bütün müddəaları həyata keçirilərsə, bu sənəd ölkə üçün qürur mənbəyinə çevrilə bilər.







