BAKI,TurkicWorld,Yusif Şərifzadə
Almaniya Kansleri Fridrix Merts İran və ABŞ arasında əldə olunan razılaşmanın qlobal iqtisadiyyata müsbət təsir göstərə biləcəyini bildirib, lakin sənədin Livandakı vəziyyətə də şamil olunmasının vacibliyini vurğulayıb.
TurkicWorld xəbər verir ki, Fransa ev sahibliyi ilə keçiriləcək Yeddilər Qrupu toplantısı ərəfəsində danışan Merts razılaşmanın həm iqtisadi, həm də siyasi baxımdan geniş nəticələr doğura biləcəyini deyib.
Onun sözlərinə görə, Yaxın Şərqdə gərginliyin azalması dünya iqtisadiyyatı üçün müsbət siqnal hesab oluna bilər.
Almaniya kansleri qeyd edib ki, bölgədə davamlı sabitliyin təmin olunması üçün Livan məsələsi də diqqət mərkəzində saxlanılmalıdır.
Merts hesab edir ki, razılaşmanın təsiri yalnız İran və ABŞ münasibətləri ilə məhdudlaşmamalıdır.
O bildirib ki, Livanda təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsi regional sülh üçün mühüm əhəmiyyət daşıyır.
Kansler eyni zamanda Ukraynadakı müharibə ilə bağlı diplomatik imkanların yarandığını da qeyd edib.
Fridrix Merts bu məsələni ABŞ Prezidenti Donald Trampla müzakirə etmək niyyətində olduğunu bildirib.







