BAKI,TurkicWorld Orxan Qədirzadə
Böyük Britaniyada ifrat sağçı və İslam əleyhdarı fəaliyyəti ilə tanınan Stephen Yaxley-Lennon Londondakı Hitrou Hava Limanında saxlanıldığını və mobil telefonunun polis tərəfindən götürüldüyünü açıqlayıb.
Tommi Robinson adı ilə tanınan fəal sosial şəbəkə hesabında yaydığı məlumatda bildirib ki, o, şənbə günü axşam saatlarında Böyük Britaniyanın Terrorizmə Qarşı Mübarizə və Sərhəd Təhlükəsizliyi Qanunu çərçivəsində təxminən üç saat müddətində sorğu-sual edilib.
O, paylaşımında telefonunun polis tərəfindən müsadirə olunduğunu qeyd edərək hüquqi müdafiə xərclərinin qarşılanması üçün tərəfdarlarından maliyyə dəstəyi istəyib.
Hadisə Robinsonun son günlər Şimali İrlandiyada baş verən iğtişaşlarla bağlı çoxsaylı paylaşımlar etməsindən sonra baş verib. Belfast şəhərində bir şəxsin ağır bıçaqlanmasını əks etdirən görüntülərin yayılmasının ardından bölgədə gərginlik artıb. Hücum nəticəsində zərərçəkən şəxsin bir gözünü itirdiyi bildirilir.
Hadisə ilə əlaqədar Sudan əsilli bir şəxs qəsdən adam öldürməyə cəhd ittihamı ilə məhkəmə qarşısına çıxarılıb. Hüquq-mühafizə orqanları isə hadisənin terror aktı kimi qiymətləndirilmədiyini açıqlayıb.
Sonrakı günlərdə Belfastın müxtəlif hissələrində etnik azlıqlara və xarici mənşəli sakinlərə məxsus ev və biznes obyektlərinə qarşı hücumlar qeydə alınıb. Böyük Britaniya hökumətinin Şimali İrlandiya üzrə nümayəndələri baş verənləri irqi nifrət zəminində törədilmiş zorakılıq halları kimi qiymətləndiriblər.
Yerli siyasətçilər isə internetdə fəaliyyət göstərən ifrat sağçı qrupların və təxribatçıların iğtişaşların təşkili və təşviqində rol oynadığını bildiriblər.
Britaniya polisi rəsmi açıqlamasında şəxsin adını çəkməsə də, 40 yaşlarında bir kişinin Rusiyadan Türkiyə üzərindən Böyük Britaniyaya qayıtdıqdan sonra Hitrou Hava Limanında saxlanıldığını təsdiqləyib.
Polisin məlumatına görə, həmin şəxs hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən dindirilib, rabitə vasitələri götürülüb və daha sonra sərbəst buraxılıb.
Hadisə Böyük Britaniyada son günlər müşahidə olunan ictimai gərginlik və ifrat sağ qrupların fəaliyyəti ilə bağlı müzakirələrin daha da intensivləşdiyi bir dövrə təsadüf edir.







