İslamafobiya Kanada müsəlmanları Kanadada İslamafobiya

Kanada müsəlmanları Kanada hökümətini İslamafobiyaya qarşı mübarizə aparmağa çağırıb

BAKI,TurkicWorld Orxan Qədirzadə

Kanadada müsəlmanlara qarşı nifrət cinayətlərinin artması fonunda ölkənin aparıcı müsəlman təşkilatlarından biri hökuməti islamofobiya ilə mübarizə istiqamətində daha qətiyyətli addımlar atmağa çağırıb.

Kanada Müsəlmanlarının Milli Şurası yaydığı bəyanatda ölkədə müsəlmanlara qarşı mənfi münasibətin və nifrət zəminində törədilən cinayətlərin ciddi problem olaraq qalmaqda davam etdiyini bildirib. Təşkilat islamofobiyanın qarşısının alınması üçün hərtərəfli institusional islahatların həyata keçirilməsini, effektiv hesabatlılıq mexanizmlərinin yaradılmasını və hökumətin konkret tədbirlər planı hazırlamasını tələb edib.

Şura bəyanatında 2021-ci ilin iyun ayında Ontario əyalətinin London şəhərində baş vermiş və ölkədə geniş rezonans doğurmuş hücumu xatırladıb. Bildirilib ki, həmin hadisə islamofobiyanın Kanadada dərin köklərə malik sistemli problem olduğunu bir daha nümayiş etdirib.

Məlumata görə, 2021-ci il iyunun 6-da hücumçu piyada hərəkət edən beş nəfərlik müsəlman ailəsinin üzərinə yük avtomobili sürərək qəsdən hücum edib. Nəticədə 74 yaşlı Talat Əfzəl, onun 46 yaşlı oğlu Salman Əfzəl, 44 yaşlı gəlini Mədihə Salman və 15 yaşlı nəvəsi Yumna Salman həyatını itirib.

Ailənin 9 yaşlı üzvü Fayəz Salman isə ağır yaralanaraq sağ qalıb.

Hücumdan sonra 22 yaşlı Nataniel Veltman hadisə yerindən təxminən 6 kilometr məsafədə yerləşən ərazidə saxlanılıb. Polis araşdırmaları nəticəsində hücumun əvvəlcədən planlaşdırıldığı və dini nifrət motivi ilə törədildiyi müəyyən edilib. Həmin dövrdə Kanadanın baş naziri Castin Trüdo hadisəni terror aktı kimi qiymətləndirib.

Məhkəmənin qərarı ilə Nataniel Veltman 2024-cü ilin fevral ayında qəsdən adam öldürmə və adam öldürməyə cəhd ittihamları üzrə ömürlük həbs cəzasına məhkum edilib.

Kanada Müsəlmanlarının Milli Şurası vurğulayıb ki, G7 ölkələri arasında müsəlmanlara qarşı ölümcül hücumların sayına görə Kanada ən yüksək göstəricilərdən birinə malikdir. Təşkilat hesab edir ki, bu vəziyyət təxirəsalınmaz tədbirlərin görülməsini tələb edir.

Bu məqsədlə şura islamofobiya ilə mübarizəyə həsr olunmuş xüsusi təlimat kitabçası da hazırlayıb. Sənəddə müsəlman icmasının hüquq və təhlükəsizliyinin daha effektiv qorunması, dövlət qurumlarının məsuliyyət mexanizmlərinin gücləndirilməsi və ayrı-seçkiliyə qarşı mübarizə sahəsində kompleks islahatların həyata keçirilməsi ilə bağlı tövsiyələr yer alıb.

Mövzuya görə xəbərlər