BAKI,TurkicWorld Orxan Qədirzadə
ABŞ-nin vitse-prezidenti Cey Di Vens İsrailin Baş naziri Benyamin Netanyahunun Vaşinqtonla münasibətlərdə müəyyən səhvlərə yol verdiyini etiraf edib. Bununla yanaşı, o, İsrail liderinin ABŞ üçün mühüm tərəfdaş olaraq qaldığını vurğulayıb.
Vens bu barədə ABŞ televiziya kanallarından birinə müsahibəsində danışıb.
Vitse-prezident bildirib ki, ABŞ və İsrail arasında strateji tərəfdaşlıq davam etsə də, iki ölkənin maraqları hər zaman üst-üstə düşmür.
Onun sözlərinə görə, Benyamin Netanyahu ilk növbədə İsrailin milli maraqlarını müdafiə edir, ABŞ administrasiyası isə öz qərarlarını Amerika xalqının maraqları əsasında qəbul etməyə borcludur.
“Netanyahu müəyyən məsələlərdə mütləq səhvlərə yol verib”, – deyə Vens bildirib.
Lakin o, İsrail Baş nazirinin konkret hansı addımlarını səhv hesab etdiyini açıqlamaqdan imtina edib.
Vitse-prezidentin sözlərinə görə, Vaşinqton və Təl-Əviv arasında əməkdaşlıq bundan sonra da davam edəcək. Bununla belə, tərəflərin mövqeləri fərqləndiyi hallarda ABŞ öz milli maraqlarını əsas götürəcək.
Vens qeyd edib ki, ABŞ hökumətinin əsas vəzifəsi Amerika vətəndaşlarının maraqlarını qorumaqdır və xarici siyasət qərarları da bu prinsip əsasında formalaşdırılır.
Onun açıqlamaları ABŞ ilə İran arasında mümkün razılaşma ətrafında davam edən müzakirələr fonunda səslənib.
Cey Di Vens daha əvvəl ABŞ ilə İran arasında əldə oluna biləcək mümkün razılaşmanın Amerika üçün faydalı ola biləcəyini bildirmişdi. O qeyd etmişdi ki, belə bir razılaşma İsrailin maraqları ilə tam uyğun gəlməsə belə, Vaşinqton ilk növbədə öz strateji maraqlarını nəzərə almalıdır.
Analitiklərin fikrincə, vitse-prezidentin açıqlamaları ABŞ administrasiyasının Yaxın Şərq siyasətində milli maraqların prioritet olduğunu nümayiş etdirir və Vaşinqtonla Təl-Əviv arasında bəzi məsələlər üzrə fikir ayrılıqlarının mövcudluğunu bir daha ortaya qoyur







