BAKI,TurkicWorld,Yusif Şərifzadə
Livanın Baş naziri Nəvaf Salam İsrailin atəşkəs dövründə ölkə ərazisinə minlərlə hava hücumu həyata keçirdiyini bildirib.
TurkicWorld xəbər verir ki, Nazirlər Kabinetinin iclasından sonra yayılan açıqlamada Nəvvaf Salam aprelin 16-da elan olunmuş atəşkəsdən sonra İsrailin Livana qarşı genişmiqyaslı hərbi əməliyyatlar apardığını qeyd edib.
Onun sözlərinə görə, aprelin 17-dən iyunun 7-dək İsrail Livan ərazisinə 3 491 hava zərbəsi endirib, 407 dağıntı əməliyyatı həyata keçirib və ölkənin cənubunda yerləşən yaşayış məntəqələrinin tamamilə məhv edilməsi ilə nəticələnən 6 genişmiqyaslı əməliyyat aparıb.
Baş nazir bildirib ki, Livan hökuməti atəşkəsin qorunub saxlanılması üçün səylərini davam etdirir. Bununla yanaşı, bölgədə vəziyyətin yenidən gərginləşməsi ölkədə humanitar problemləri daha da ağırlaşdırır.
Nəvaf Salam qeyd edib ki, İran və İsrail arasında son qarşıdurmanın genişlənməsi yeni məcburi köçkün axınlarına səbəb olub. Onun sözlərinə görə, Beyrut, Sidon və digər bölgələrdə köçkünlərin yerləşdirilməsi üçün mövcud imkanlar artıq maksimum həddə çatıb.
Baş nazir vurğulayıb ki, ölkənin qəbul imkanları ciddi təzyiq altındadır və humanitar vəziyyət getdikcə mürəkkəbləşir.
Məlumata görə, martın 2-də hərbi əməliyyatların yenidən başlamasından sonra İsrailin hava hücumları və təxliyə çağırışları nəticəsində 1 milyondan çox insan yaşayış yerini tərk etmək məcburiyyətində qalıb. Bu göstərici Livan əhalisinin təxminən beşdə birinə bərabər hesab olunur.







