Son dəqiqə

İran ABŞ Xarici İşlər Nazirliyi Beynəlxalq hüquq atəşkəs Regional Təhlükəsizlik Qeşm Adası Hərbi Zərbə Sirik Radar sistemi

İran ABŞ-ı atəşkəsi pozmaqda ittiham edib

BAKI,TurkicWorld,Yusif Şərifzadə

İran Xarici İşlər Nazirliyi ABŞ-ı bölgədəki atəşkəs rejimini pozmaqda və regional sabitliyi təhlükə altına almaqda ittiham edib.

TurkicWorld xəbər verir ki, nazirliyin yaydığı bəyanatda ABŞ-ın regionda gərginliyi azaltmaq və sabitliyə qayıtmaq istiqamətində iradə nümayiş etdirmədiyi, əksinə, həyata keçirdiyi addımlarla vəziyyəti daha da mürəkkəbləşdirdiyi bildirilib.

Bəyanatda ABŞ tərəfindən Sirik bölgəsində və Qeşm adasında yerləşən sahil radarları və müşahidə obyektlərinə endirilən zərbələr kəskin şəkildə pislənib. Tehran bu hücumların atəşkəs rejiminin açıq şəkildə pozulması olduğunu vurğulayıb.

İran Xarici İşlər Nazirliyi qeyd edib ki, baş verən hadisələrin və onların doğura biləcəyi bütün nəticələrin məsuliyyəti tam şəkildə ABŞ-ın üzərinə düşür.

Nazirlik eyni zamanda region ölkələrinə müraciət edərək mehriban qonşuluq prinsiplərinə əməl etməyə çağırıb. Bəyanatda bildirilib ki, beynəlxalq hüququn əsas prinsiplərindən biri dövlətlərin öz ərazilərinin və infrastrukturunun başqa ölkələrə qarşı hücumların planlaşdırılması və həyata keçirilməsi üçün istifadə edilməsinə imkan verməməsidir.

Tehran region dövlətlərini bu prinsipə sadiq qalmağa çağıraraq, İran əleyhinə hər hansı hərbi əməliyyatlarda öz ərazilərinin istifadə olunmasına şərait yaratmamağa səsləyib.

Mövzuya görə xəbərlər