BAKI,TurkicWorld,Yusif Şərifzadə
İsrailin Livana qarşı davam edən hücumları nəticəsində insan itkilərinin artdığı bildirilir.
TurkicWorld xəbər verir ki, Livanın Səhiyyə Nazirliyi ölkədəki insan itkiləri ilə bağlı yenilənmiş statistikanı açıqlayıb.
Nazirliyin məlumatına görə, martın 2-dən bu günədək İsrailin hücumları nəticəsində 3 371 nəfər həlak olub, 10 129 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Məlumata əsasən, yalnız cümə günü Livanın cənubunda həyata keçirilən hava zərbələri nəticəsində azı 14 nəfər həyatını itirib.
Davam edən hərbi əməliyyatlar nəticəsində ölkənin bir çox bölgəsində təhlükəsizlik vəziyyəti ağır olaraq qalır. Xüsusilə cənub rayonlarında yaşayan minlərlə ailə yaşayış məntəqələrini tərk etmək məcburiyyətində qalıb.
Rəsmi məlumatlara görə, döyüşlər və hava hücumları səbəbindən təxminən 1,2 milyon nəfər evlərini tərk edib. Bu rəqəm ölkə əhalisinin 20 faizindən çoxuna bərabərdir.
Humanitar təşkilatlar məcburi köçkünlərin yerləşdirilməsi, ərzaq təminatı, səhiyyə xidmətləri və təmiz suya çıxışla bağlı problemlərin getdikcə dərinləşdiyini bildirirlər.
Beynəlxalq qurumlar tərəfləri mülki əhalinin qorunması üçün tədbirlər görməyə və humanitar yardımın bölgələrə maneəsiz çatdırılmasına şərait yaratmağa çağırır.







