BAKI,TurkicWorld,Yusif Şərifzadə
Livan Prezidenti Cozef Aun ABŞ Dövlət katibi Marko Rubio ilə telefon danışığında İsraillə atəşkəsin əldə edilməsinin regionda sabitliyin bərpası və danışıqlar prosesinin davamı üçün əsas şərt olduğunu bildirib.
TurkicWorld xəbər verir ki, Livan Prezident Aparatının yaydığı məlumata görə, Cozef Aun telefon danışığı zamanı atəşkəsin təmin olunmasının vacibliyini vurğulayaraq bunu gələcək diplomatik addımlar üçün əsas şərt kimi qiymətləndirib.
Prezident qeyd edib ki, bölgədə gərginliyin azaldılması və siyasi proseslərin irəliləməsi üçün ilk növbədə atəşkəsə nail olunmalıdır.
“Atəşkəsə nail olmaq üçün bütün səylərin göstərilməsi vacibdir. Bu, istənilən növbəti addım üçün əsas giriş qapısıdır”, – deyə Aun bildirib.
Telefon danışığı zamanı ABŞ Dövlət katibi Marko Rubio da Vaşinqtonun İsrail və Livan arasında əvvəlki diplomatik təmaslar nəticəsində əldə olunan irəliləyişləri qorumağa və möhkəmləndirməyə sadiq olduğunu vurğulayıb.
Rubio eyni zamanda ABŞ-ın Livanın sabitliyi, müstəqilliyi və suverenliyinə dəstəyini ifadə edib və regionda gərginliyin azaldılmasının vacibliyini qeyd edib.
Danışıq İsrail və Livan arasında təhlükəsizlik vəziyyətinin gərgin olaraq qaldığı, tərəflər arasında dolayı diplomatik təmasların davam etdiyi bir dövrdə baş tutub.







