BAKI,TurkicWorld,Yusif Şərifzadə
Yaxın Şərqdə diplomatik təşəbbüslərlə bağlı yeni qiymətləndirmələr səsləndirilib.
TurkicWorld xəbər verir ki, Beynəlxalq Böhran Qrupunun analitiki Əli Vaez Donald Trampın “İbrahim Razılaşmaları” çərçivəsinin genişləndirilməsi ilə bağlı təklifinin hazırkı şəraitdə reallaşmasının çətin olduğunu bildirib.
Onun sözlərinə görə, Səudiyyə Ərəbistanı, Qətər, Misir, Türkiyə və Pakistan kimi ölkələrin İsraillə münasibətləri normallaşdırması məsələsi İran amili ilə deyil, daha çox Fələstin dövlətçiliyi ilə bağlı proseslərdən asılıdır.
Əli Vaez qeyd edib ki, hazırkı mərhələdə Fələstin dövlətçiliyi ilə bağlı geri dönüşü olmayan siyasi prosesin gündəmdə olmaması belə təşəbbüslərin həyata keçirilməsini çətinləşdirir.
Analitik həmçinin bildirib ki, Donald Trampın “İbrahim Razılaşmaları” ideyasını gündəmdə saxlaması daha çox daxili siyasi məqsədlərə xidmət edir.
Onun fikrincə, ABŞ prezidentinin ritorikası əsasən amerikalı auditoriyaya və daxili siyasi tənqidçilərə İranla bağlı mümkün razılaşmanın İsrailin təhlükəsizliyi ilə əlaqələndirilmiş geniş strategiyanın bir hissəsi olduğunu göstərmək məqsədi daşıyır.







