BAKI,TurkicWorld,Yusif Şərifzadə
İsrail–Livan sərhədində təhlükəsizlik vəziyyəti ilə bağlı yeni hadisə qeydə alınıb.
TurkicWorld xəbər verir ki, İsrail ordusu hava qüvvələrinin Hizbullah tərəfindən İsrail istiqamətində göndərildiyi bildirilən bir neçə partlayıcı pilotsuz uçuş aparatını məhv etdiyini açıqlayıb.
Ordunun yaydığı məlumata görə, pilotsuz uçuş aparatlarının bir hissəsi hava hücumundan müdafiə vasitələri və hərbi aviasiya tərəfindən zərərsizləşdirilib.
Açıqlamada digər bəzi pilotsuz aparatların isə Livan sərhədi yaxınlığında İsrail ərazisinə düşdüyünün qeydə alındığı bildirilib.
İsrail ordusu hadisə nəticəsində hər hansı xəsarət alanın olmadığını da vurğulayıb.
Son aylarda İsrail–Livan sərhədi boyunca hərbi aktivliyin və qarşılıqlı ittihamların artması bölgədə təhlükəsizliklə bağlı narahatlıqları daha da gücləndirib.







