Son dəqiqə

Livan Bəhreyn Körfəz Əməkdaşlıq Şurası Körfəz ölkələri Hizbullah Yaxın Şərq siyasəti regional diplomatiya Yusif Racci Nəim Qasim Livan islahatları

Körfəz ölkələri Livandakı islahatlara dəstəyini açıqladı

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Livan və Körfəz ölkələri arasında diplomatik əlaqələrdə yeni təmaslar qeydə alınıb.

TurkicWorld xəbər verir ki, Livanın xarici işlər naziri Yusif Racci Körfəz Əməkdaşlıq Şurasının ölkəyə göstərdiyi dəstəyə görə təşəkkür edib. Bu addım təşkilatın bir gün əvvəl Hizbullahın Bəhreynin daxili məsələləri ilə bağlı açıqlamalarını tənqid etməsindən sonra atılıb.

Məlumata görə, Yusif Racci Körfəz Əməkdaşlıq Şurasının baş katibi Casim Məhəmməd əl-Budeyvi ilə telefon danışığı apararaq Körfəz ölkələrinin Livana göstərdiyi dəstəyə görə minnətdarlığını ifadə edib.

Bundan əvvəl Casim Məhəmməd əl-Budeyvi Hizbullahın baş katibi Nəim Qasimin Bəhreyn hakimiyyətinin təhlükəsizlik və məhkəmə qərarlarını tənqid edən açıqlamalarını “məsuliyyətsiz” adlandırmışdı.

Məlumata əsasən, Nəim Qasim Bəhreynin Hizbullahla əlaqədə ittiham olunan livanlılara münasibətini tənqid etmişdi. Manama isə may ayının əvvəlində bu şəxslərdən bir neçəsini ölkədən deportasiya etmişdi.

Körfəz Əməkdaşlıq Şurasının baş katibi həmçinin təşkilatın 2016-cı ildə Hizbullahı terror təşkilatı kimi tanımaq qərarını bir daha təsdiqləyib. O, Hizbullahı Körfəz ölkələrində gənclərin cəlb olunması, silah qaçaqmalçılığı və məzhəb əsaslı qarşıdurmaların təşviq edilməsində ittiham edib.

Bəyanatda Livan Prezidenti Jozef Aun və Baş nazir Nəvaf Salamın həyata keçirdiyi islahat təşəbbüslərinə də dəstək ifadə olunub.

Mövzuya görə xəbərlər