Son dəqiqə

Fransa İsrail İtamar Ben Qvir İsrailin Qəzza blokadası Qlobal Sumud Flotiliyası

Fransa İsrailin milli təhlükəsizlik nazirinə sanksiya tətbiq etdi – Ben-Qvirin ölkəyə girişinə qadağa qoyuldu

BAKI,TurkicWorld Orxan Qədirzadə

Fransa hökuməti İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir üçün ölkəyə giriş qadağası tətbiq edib. Qərarın Qəzzaya doğru hərəkət edən humanitar flotiliyada iştirak edən fəallarla davranışla bağlı verildiyi bildirilib.

Fransanın xarici işlər naziri Jan-Noel Barro açıqlamasında Ben-Qvirin hərəkətlərini “qəbuledilməz” adlandırıb və qeyd edib ki, Fransa öz vətəndaşlarının təhdid olunmasına, qorxudulmasına və zorakılığa məruz qalmasına dözməyəcək.

Nazirin sözlərinə görə, qərar Qəzzaya yardım aparmaq məqsədilə təşkil olunan “Qlobal Sumud Flotiliyası”nda iştirak edən Fransa və digər Avropa ölkələrinin vətəndaşları ilə bağlı insidentlərdən sonra qəbul olunub.

Jan-Noel Barro bildirib ki, Ben-Qvirin addımları İsrail hökumətində və siyasi dairələrdə fəaliyyət göstərən bir sıra şəxslər tərəfindən də tənqid olunub. O vurğulayıb ki, İsrail nazirinin açıqlamaları və davranışları fələstinlilərə qarşı nifrət və zorakılığı təşviq edən uzun silsilənin davamıdır.

Fransa xarici işlər naziri Avropa İttifaqını da Ben-Qvirə qarşı sanksiyalar tətbiq etməyə çağırıb. O qeyd edib ki, İtaliyanın xarici işlər naziri Antonio Tayani də məsələni Avropa İttifaqı xarici işlər nazirlərinin növbəti toplantısının gündəliyinə çıxarmağı istəyib.

Qərardan əvvəl yayılan görüntülərdə Ben-Qvirin saxlanılan fəalların qarşısında İsrail bayrağı ilə hərəkət etdiyi və onları ələ saldığı görülüb. Kadrlarda fəalların diz çökdürülmüş vəziyyətdə, əlləri arxadan bağlanmış şəkildə saxlanıldığı görünür.

İsrailin Baş naziri Benyamin Netanyahu hökumətinin əsas koalisiya tərəfdaşlarından biri olan Ben-Qvirin davranışı Avropada ciddi narazılıq yaradıb.

İrlandiyanın Baş naziri Mixel Martin də Avropa Şurasının Prezidenti Antonio Koşta ünvanına məktub göndərərək, İsrailin flotiliyada iştirak edən Avropa İttifaqı vətəndaşları ilə rəftarının qarşıdakı zirvə görüşündə rəsmi şəkildə müzakirə olunmasını istəyib.

Qeyd edək ki, 44 ölkədən 428 nəfərin iştirak etdiyi “Qlobal Sumud Flotiliyası” cümə axşamı Türkiyənin Marmaris şəhərindən yola düşüb. Missiyanın məqsədi 2007-ci ildən etibarən Qəzza zolağına tətbiq olunan İsrail blokadasını yarmaq və humanitar yardım çatdırmaqdır.

Mövzuya görə xəbərlər