BAKI,TurkicWorld Yusif Şərifzadə
İşğal altında olan İordan çayının qərb sahilində yerləşən Fələstin kəndində məscidə və nəqliyyat vasitələrinə qarşı yandırma hücumu həyata keçirildiyi bildirilir.
TurkicWorld xəbər verir ki, bu barədə Yaxın Şərq sülh prosesi üzrə baş koordinatorun müavini Ramiz Ələkbərov sosial şəbəkə hesabında paylaşım edib.
Məlumata görə, maskalı şəxslər Cibiya kəndində yerləşən məscidi yandırıb, eyni zamanda bir neçə nəqliyyat vasitəsinə ziyan vurublar. Hadisə yerində ivrit dilində qraffitilərin aşkarlandığı qeyd olunur.
Ramiz Ələkbərov dini məkanlara və mülki əmlaka qarşı hücumların qəbuledilməz olduğunu vurğulayaraq, bu cür hadisələrin sabitliyi, insan ləyaqətini və ibadət azadlığını zədələdiyini bildirib.
BMT rəsmisinin sözlərinə görə, hadisə işğal altındakı İordan çayının qərb sahilində məskunlaşanlar arasında artan zorakılıq və intensivləşən hücumlar fonunda baş verib. O qeyd edib ki, bu cür hadisələr mülki şəxslərin həyatını təhlükə altına qoyur və onların əmlakına zərər vurur.
Ramiz Ələkbərov İsrailin mülki əhalinin zorakılıq aktlarından qorunmasını təmin etmək məsuliyyəti daşıdığını bildirib və dərhal, şəffaf araşdırmanın aparılmasına, eləcə də bütün təqsirkarların məsuliyyətə cəlb olunmasına çağırıb.







