BAKI,TurkicWorld Yusif Şərifzadə
ABŞ Prezidenti Donald Trump artan inflyasiya və müharibə ilə bağlı daxili siyasi təzyiqlər fonunda münaqişənin yaxın zamanda başa çatacağını və enerji qiymətlərində enişin baş verəcəyini bildirib.
TurkicWorld xəbər verir ki, Tramp jurnalistlərə açıqlamasında müharibənin uzun sürməyəcəyini deyərək, onun başa çatmasından sonra neft qiymətlərinin aşağı düşəcəyini və fond bazarlarında ciddi yüksəliş müşahidə olunacağını vurğulayıb.
ABŞ lideri hazırda neftlə yüklənmiş yüzlərlə tankerin bazara çıxmaq üçün gözlədiyini qeyd edib. Onun sözlərinə görə, bu proses “böyük neft axını” yaradacaq və nəticədə inflyasiya əhəmiyyətli dərəcədə azalacaq.
Məlumata görə, Tramp administrasiyasının İranla bağlı qərarları qlobal enerji bazarlarında dalğalanmaları artırıb və dünya iqtisadiyyatında qeyri-sabitlik risklərini gücləndirib.







