BAKI,TurkicWorld, Orxan Qədirzadə
Çin Prezidenti Si Cinpin bu gün Pekində Tayvanın müxalif "Komin-dan" (KMT) partiyasının lideri Çen Li-vunu qəbul edib. Bu, son on ildə partiya rəhbəri səviyyəsində Çinə reallaşan ilk rəsmi səfərdir və Tayvan boğazında hərbi gərginliyin artdığı bir dövrə təsadüf edir.
TurkicWorld xəbər verir ki, Pekindəki Böyük Xalq Zalında keçirilən görüş zamanı Çin lideri iki xalqın birliyinə "tam əminliyini" ifadə edib. Si Cinpin bildirib ki, boğazın hər iki tərəfində yaşayan vətəndaşların yaxınlaşması və birləşməsi tarixin qaçılmaz bir hissəsidir və bu istiqaməti heç bir qüvvə dəyişə bilməz.
Səfərinə ötən çərşənbə axşamı Şanxaydan başlayan Çen Li-vun müharibənin tərəflər üçün labüd olmadığını vurğulayıb. O, həm Pekin, həm də Taybey üçün mühüm tarixi şəxsiyyət olan Sun Yat-senin məqbərəsini ziyarət edərək, bu səfərin bölgədə "sülh toxumları" əkməsini arzuladığını bildirib.
Taybeydə etirazlar və silah qalmaqalı
Səfər Tayvanda ciddi siyasi mübahisələrə səbəb olub. Tayvan Prezidenti Lay Çinq-te "Facebook" hesabında etdiyi paylaşımda Çinin bölgədə davam edən hərbi təzyiqlərinin və "boz zona" fəaliyyətlərinin regional sabitliyə ciddi zərbə vurduğunu qeyd edib. Müxalif lider Çen isə hökumətin ABŞ-dan 40 milyard dollarlıq silah alışı planını kəskin tənqid edərək, "Tayvan bankomat deyil" ifadəsini işlədib. O, böyük büdcəli silahlanma əvəzinə Çinlə dialoqun tərəfdarı kimi çıxış edir.
Qeyd edək ki, Pekin 2016-cı ildən bəri Tayvanın rəsmi rəhbərliyi ilə yüksək səviyyəli təmasları dayandırıb və hazırkı prezidenti "separatçı" hesab edir. Müxalif "Komin-dan" partiyası isə Çinlə daha yaxın münasibətlərin qurulmasının tərəfdarıdır.





