Son dəqiqə

Beynəlxalq Valyuta Fondu (BVF) Ümumdünya Ərzaq Proqramı (WFP) ərzaq təhlükəsizliyi gübrə qiymətləri yanacaq qiymətləri tədarük zənciri Ümumdünya Bankı

Ümumdünya Bankı, BVM və BVF-dən birgə həyəcan təbili - Yaxın Şərqdəki müharibə qlobal aclıq riskini artırır

BAKI, TurkicWorld, Orxan Qədirzadə

Dünyanın üç nəhəng maliyyə və humanitar təşkilatı Yaxın Şərqdə davam edən hərbi münaqişələrin qlobal ərzaq təhlükəsizliyinə sarsıdıcı zərbə vurduğu barədə birgə bəyanat yayıb.

TurkicWorld xəbər verir ki, Beynəlxalq Valyuta Fondu (BVF), Ümumdünya Bankı və BMT-nin Ümumdünya Ərzaq Proqramının (WFP) rəhbərləri xəbərdarlıq ediblər ki, neft, təbii qaz və gübrə qiymətlərindəki kəskin artım qaçılmaz olaraq ərzaq inflyasiyasına və qidaya çıxış imkanlarının pisləşməsinə gətirib çıxaracaq.

Təşkilatların çərşənbə günü yaydığı birgə bəyanatda vurğulanır ki, Yaxın Şərqdəki müharibə təkcə regionda deyil, onun hüdudlarından kənarda da insanların həyat və dolanışıq vasitələrini alt-üst edir. Münaqişə nəticəsində ərzaq, yanacaq və gübrə tədarük zəncirində yaranan fasilələrin ən ağır yükü dünyanın ən həssas təbəqələrinin, xüsusən də aşağı gəlirli və idxaldan asılı olan iqtisadiyyatların üzərinə düşəcək.

Ekspertlər qeyd edirlər ki, kənd təsərrüfatı üçün həyati əhəmiyyət kəsb edən gübrə qiymətlərinin artması növbəti məhsul dövriyyəsində məhsuldarlığın aşağı düşməsinə və dünya bazarında ərzaq qıtlığının yaranmasına səbəb ola bilər. Təşkilatlar beynəlxalq birliyi humanitar böhranın qarşısını almaq üçün təcili tədbirlər görməyə çağırıb.